main-post-cover

    Apple şirkəti Yeni İl bayramlarında yeni fərdi rekorda imza atıb

    Elm & Texnologiya
    10.01.2020
    Emil Nəcəfov
        Son illərdə Apple şirkəti iPhone smartfonunun yeganə gəlir mənbəsi olmaması üçün əlindən gələni edir. Bunun üçün şirkət aylıq abunəlik üzrə yayılan bir çox servisləri istifadəyə verir. Son hesabatlar onu göstərir ki, şirkət tamamilə düzgün qərar verib. Şirkət hətta bu istiqamətdə rekord göstərici də əldə edib. Bu barədə Reuters saytı xəbər verib. Verilmiş məlumata əsasən katolik Milad bayramı ilə Yeni İl arasındakı vaxtda (29 dekabr 2019-cu il tarixindən 1 yanvar 2020-ci il tarixinə kimi) Apple məhsullarının istifadəçiləri App Store online mağazasında ümumilikdə 1.42 miyard dollar vəsait xərcləyiblər.
        Bu isə keçən ilki göstəricidən 16% daha yüksəkdir. Bundan əlavə olaraq təkcə bir gün ərzində (1 yanvar 2020-ci il) App Store mağazasının əldə etmiş olduğu gəlir 386 milyon dollar təşkil edib. Bu isə 1 yanvar 2019-cu il tarixindəki göstəricidən 20% yüksəkdir. Beləliklə Apple şirkəti yeni fərdi rekorda imza atıb. Apple şirkətinin gəlirləri təkcə pullu tətbiqlər vasitəsilə deyil həm də abunəlik sistemi ilə yayılan servislər vasitəsilə artır.
        Məsələn “News” tətbiqinin istifadəçi kütləsi keçən il ilə müqayisədə 18% yüksəlib. Bu tətbiqdən istifadə etmək üçün istifadəçilər hər ay 9.99$ abunə haqqı ödəməlidirlər. Bu cür servislərin Apple üçün vacib amil daşımalarını sonuncu maliyyə ili (2019-un sentyabrında bitib) üzrə hesabat da təsdiqləyib. Həmin hesabata əsasən şirkətin xidmət sahəsindəki gəliri 46.3 milyard dollar təşkil edib. Bu isə keçən ilki göstərici ilə müqayisədə 16% yüksəkdir. 
    Linki kopyala