main-post-cover

    Apple şirkəti texniki problemlər səbəbilə MacBook Air seriyasını geri çağırır

    Elm & Texnologiya
    01.07.2019
    Emil Nəcəfov
        Apple şirkətinin alışma təhlükəsi səbəbilə MacBook Pro modellərini geri çağırdığı bir vaxtda şirkətin digər məhsulu da nasazlıqlara sahib cihazlar siyahısına daxil edilib. Belə ki, internetdə MacBook Air modelinin nasazlıqları barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Patentlyapple saytına istinadən 4pda saytı xəbər verib. Bu dəfə təhlükə riski altına 2018-ci il buraxılışı olan 13 düym-lük MacBook Air modelləri düşüblər.
        Məlumata əsasən bu seriyanın bəzi modelləri ana plata nasazlığı ilə birlikdə satışa çıxarılıblar. Məlumatda qeyd olunub ki, söhbət, çox az sayda cihazdan gedir. Sözügedən nasazlığa sahib MacBook Air alıcıları bu mövzu barədə xəbərdar ediləcəklər və onlara rəsmi Apple servis xidmətlərində pulsuz təmir təqdim ediləcək. Maraqlısı ondadır ki, şirkətin rəsmi saytında bu mövzu ilə bağlı heç bir məlumat verilməyib.
        Çox güman ki, bu, az sayda cihazın problemli olması ilə bağlıdır. Sözügedən noutbuk modellərinin geri çağırılmasının dəqiq səbəbi də bilinmir. İnternetdə MacBook Air modellərinin enerji məsələsi barəsində şikayətləri tapmaq olar. İstifadəçilər əsasən ondan şikayətlənirlər ki, onların aldıqları MacBook modelləri sadəcə olaraq işə düşməyiblər. Bu problem ilə qarşılaşmış bütün alıcılara şirkət noutbuk alışından sonra 4 il ərzində pulsuz təmir xidmətini təklif edəcək.
    Linki kopyala