main-post-cover

    Apple şirkəti Intel'in smartfonlar üçün modem istehsalı biznesini 1 milyard dollara aldı

    26.07.2019
    Emil Nəcəfov
        Apple şirkəti Intel-in smartfonlar üçün nəzərdə tutulmuş modem istehsalı biznesini 1 milyard dollara alır. Tərəflər müqaviləni bu ilin sonuna kimi yekunlaşdırmağı planlaşdırırlar. Müqavilənin şərtlərinə əsasən Apple şirkəti Intel-in naqilsiz texnologiyaları və təchizatları üzrə 17.000-dən çox patentini əldə edəcək və şirkətin 2200 nəfər mühəndisi Apple şirkətinə keçəcək. Bu barədə Vc.ru saytı xəbər verib. Buna baxmayaraq Intel şirkəti modem biznesindən tam olaraq çıxmır.
        Belə ki, şirkət kompüterlər, IoT texnologiyalar və avtonom nəqliyyat vasitələri üçün modem istehsalını davam etdirəcək. Qeyd etmək lazımdır ki, Apple şirkəti 2017-ci ildən bəri Intel-dən modemləri alırdı. Belə ki, şirkətin Qualcomm ilə münasibətləri gərginləşdiyi üçün Intel şirkətinin seçilməsi qərarı alınmışdı. Bu sahədə Apple şirkəti Intel-in yeganə müştərisi idi. Apple isə həmin modemlərdən istifadə edərək iPhone smartfonlarının Verizon AT&T kimi mobil operatorlarının şəbəkələrinə qoşulmalarına şərait yaratmışdı.
        Bu ilin aprel ayında isə Apple ilə Qualcomm arasındakı münasibətlər qaydasına düşdü və Apple şirkəti bildirdi ki, o, növbəti 6 il ərzində smartfonlar üçün modemləri məhz Qualcomm-dan əldə edəcək. Bu xəbərdən sonra isə Intel şirkəti öz modem biznesinin bağlanması barəsində planını açıqlamışdı. Analitiklərin fikrincə bu müqavilə sayəsində Apple şirkəti öz smartfonları üçün modem istehsalı sahəsini qaydasına sala biləcək. Proqnozlara əsasən şirkət yaxın 3 il ərzində öz istehsalı olan modemlərə keçid etməlidir.
    Linki kopyala