main-post-cover

    Apple şirkəti AR cihazın hazırlanması üçün Valve şirkəti ilə əməkdaşlığa start verib

    Elm & Texnologiya
    04.11.2019
    Emil Nəcəfov
        Tayvanın Digitimes saytının verdiyi məlumata əsasən Apple şirkəti artırılmış reallıq cihazının hazırlanması üçün ABŞ-ın kompüter oyunları istehsalçısı Valve şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlayıb. İnsayderlərin verdikləri məlumatlara əsasən Apple şirkəti 2020-ci ilin ikinci yarısında təqdim oluna biləcək AR cihazın hazrlanması üçün Valve şirkəti ilə əməkdaşlığa başlayıb.
        Məlumatda həmçinin qeyd olunub ki, sözügedən AR cihazın istehsal olunmasından Tayvanın Quanta ComputerPegatron şirkətləri cavabdeh olacaqlar. Maraqlısı ondadır ki, Valve şirkəti artıq VR cihaz istehsalı üzrə təcrübəyə sahibdir. Şirkət hələ bu ilin aprel ayında Valve Index adlı VR cihazı satışa çıxartmışdı. Lakin Apple ilə Valve arasındakı əməkdaşlıq VR cihazın deyil AR cihazın hazırlanması üzrə bağlanılıb.
        Hələ bu ilin iyun ayında Digitimes bildirmişdi ki, Apple şirkəti AR cihazın hazırlanmasını təxirə salıb və onun üzərində çalışmış komandanı digər layihələrə yönləndirib. Yeni məlumata əsasən isə Apple şirkəti sadəcə olaraq bu cihazın şirkət daxilində hazırlanmasından Valve ilə əməkdaşlıq çərçivəsində hazırlanması mərhələsinə keçid edib. Gözləntilərə əsasən şirkət öz AR cihazını gələn ilin üçüncü rübündə təqdim edəcək.
    Linki kopyala