main-post-cover

    Apple M1-ə rəqib?: Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessor üzərində çalışır

    Elm & Texnologiya
    18.01.2021
    Emil Nəcəfov
        Apple şirkətinin öz kompüterlərində fərdi prosessordan istifadəyə keçid etməsi uğurla baş tutdu. Baxmayaraq ki, Qualcomm bildirir ki, Apple şirkəti sadəcə olaraq onun yolu ilə gedib, son illərdə Snapdragon prosessoruna sahib noutbuklar heç də geniş yayılmayıblar. Ortaya çıxmış yeni məlumata əsasən Qualcomm hal hazırda noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessor üzərində çalışır və o, Apple M1 prosessoruna rəqib olmalıdır. Bu barədə Winfuture saytı xəbər verib.
        Məlumata əsasən Qualcomm şirkəti SC8280 model nömrəsinə sahib prosessor üzərində çalışır. Güman olunur ki, söhbət, Snapdragon 8cx və keçən il təqdim olunmuş Snapdragon 8cx Gen 2 5G prosessorlarının davamçısından gedir. Əvvəlki modellərdən fərqli olaraq yeni prosessorda daha yüksək performans göstəricilərinin olacağı gözlənilir. Belə ki, Snapdragon 8cx və Snapdragon 8cx Gen 2 5G prosessorları yalnız 16 GB-a kimi olan RAM göstəricisini dəstəkləyirlər.
        Lakin Qualcomm SC8280 prosessorlu test cihazlarında LPDDR4X standartı əsasında hazırlanmış 32 GB RAM-dan istifadə olunur. Məlumatda qeyd edilib ki, yeni prosessorun baza versiyasından əlavə daha təkmilləşdirilmiş versiya (SC8280X) da olacaq. Məlumata əsasən daha güclü performansa sahib olacaq təkmilləşdirilmiş versiyanın fiziki ölçüsü də böyük olacaq. Bu isə o deməkdir ki, onun tərkibindəki nüvələrin sayı daha çox olacaq. Qualcomm-un noutbuklar üçün nəzərdə tutulmuş bu yeni prosessorlarının nə zaman təqdim olunacaqları bilinmir.
    Linki kopyala