main-post-cover

    Android Developer Preview 2 təqdim olunub: Nə kimi yeniliklər var?

    Elm & Texnologiya
    19.03.2020
    Emil Nəcəfov
        Google şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş Android 11 Developer Preview-un birinci versiyasını təqdim etdikdən 1 ay sonra onun ikinci versiyasını da təqdim etdi. Bir sıra təhlükəsizlik problemlərinin aradan qaldırılması ilə yanaşı şirkət həmçinin bəzi yeni funksiyaları da təqdim edib. Həmin yeni funksiyalar arasında ekranın dinamik tezlik yenilənməsi, tətbiqlərin casus aktivliklərinin bloklanması, telefon dələduzluqlarından təkmilləşdirilmiş qorunma sistemi var. Bu barədə Slashgear saytı xəbər verib.
        Android 11 Developer Preview 2-nin əsas yeniliklərindən biri də odur ki, əməliyyat sistemi elə ilk başdan qatlana bilən smartfon interfeysini dəstəkləyir. Daha öncəki zamanlarda tərtibatçılar əməliyyat sisteminin bu cür smartfon ekranlarını qeydiyyata almağı bacaran proqram təminatını hazırlamalı olurdular. Bundan sonra isə Android 11 bunu avtomatik şəkildə təyin edə biləcək. Əməliyyat sisteminə həmçinin 5G şəbəkələrinə qoşulmanı təyin edən API-lar da inteqrasiya edilib. Bu halda smartfon ekranında 5G şəbəkəsini əks etdirən ikon ortaya çıxacaq. Bununla yanaşı dələduzlar və spammerlər tərəfindən hazırlanan saxta telefon nömrələrinin təyin edilməsi sistemi inteqrasiya edilib.
        Android 11 Developer Preview 2-nin daha bir özəlliyi də ekran tezliyi yenilənməsinin avtomatik idarəsidir. Belə ki, az resursa ehtiyac duyan tətbiqlərin işə salınması zamanı ekran tezliyinin yenilənməsi avtomatik şəkildə aşağı düşəcək və beləliklə smartfon batareyasındakı enerjiyə qənaət edəcək. Nəhayət ki, Android 11 fon rejimində kamera ilə mikrofonun bloklanması funksiyasını əldə edib. İstifadəçi tərəfindən seçilmiş tətbiqlərə bu funksiyanı bir dəfə üçün və ya həmişəlik təyin etmək olar. Qeyd etmək lazımdır ki, Android Developer Preview versiyaları tərtibatçılar üçün nəzərdə tutulub və adi istifadəçilərin onları yükləmələri məsləhət görülmür.
    Linki kopyala