main-post-cover

    AirPods Pro'nun təmir olunma mümkünlüyü qiymətləndirildi

    Elm & Texnologiya
    01.11.2019
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə Apple şirkəti yeni naqilsiz AirPods Pro qulaqlıq modelini satışa çıxartdı. iFixit saytının mütəxəssisləri isə yeni AirPods Pro-nu hissələrə ayıraraq onun təmir olunma mümkünlüyünü qiymətləndiriblər. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumatda qeyd olunub ki, AirPods Pro-da daha güclü texniki göstəricilərdən istifadə olunub.
        Qulaqlıqlarda ətraf səsin aktiv şəkildə boğulmasından cavabdeh olan bir neçə mikrofon sistemi, səsin adaptasiya olunması üçün xüsusi çipdən və siqnalın emalı üçün olan 10 nüvəli prosessordan istifadə olunub. Bunun nəticəsində AirPods Pro əvvəlki modellər ilə müqayisədə bir qədər ağırdır. Qulaqlığın hissələrə ayrılması nəticəsində məlum olub ki, Apple şirkətinin AirPods Pro-da tətbiq etdiyi silikon başlıqların analoqu yoxdur və onlar xüsusi bərkidicilər vasitəsilə qulaqlığın gövdəsinə birləşdiriliblər.
        Qulaqlığın batareyası Varta şirkəti tərəfindən istehsal olunub və onu mağazalarda almaq mümkündür. Lakin istifadəçi fərdi şəkildə batareyanı dəyişə bilməyəcək. Belə ki, batareya qulaqlığın platasına birləşdirilib. Buna görə də onu hətta Apple şirkətinin rəsmi servis mərkəzlərində də dəyişə bilməyəcəklər. Bundan əlavə olaraq qulaqlığın digər mənfi cəhəti isə ənənəvi olaraq çoxlu miqdarda kleyin istifadəsidir. Nəticə etibarilə AirPods Pro qulaqlığının təmir olunma mümkünlüyü iFixit mütəxəssisləri tərəfindən 10 xaldan 0 ilə qiymətləndirilib. Bu isə o deməkdir ki, onları zədələmədən hissələrə ayırmaq və təmir etmək mümkünsüzdür.
    Linki kopyala