main-post-cover

    ABŞ ilə Huawei münaqişəsinin qısa məğzi və mümkün həll yolları

    20.05.2019
    Farid Pardashunas
    Huawei şirkəti ilə ABŞ arasındakı qarşıdurmanın qısa tarixçəsi:
    - 2018-ci ilin avqust ayında ABŞ hökuməti dövlət idarələri əməkdaşlarının Çin şirkətləri tərəfindən istehsal olunmuş cihazlardan istifadələrini qadağan edən qərar qəbul etmişdi. Həmin qadağa Huawei və ZTE kimi şirkətləri əhatə etmişdi. Huawei isə həmin qadağanın rədd edilməsinə çalışır.
    - 2018-ci ilin dekabr ayında Kanada kökuməti ABŞ-ın tələbi ilə Huawei şirkətinin maliyyə direktoru Meng Wanzhou-nu həbs etmişdi. O, ABŞ sanksiyalarına baxmayaraq İran ilə əməkdaşlıqda günahlandırılır.
    - Bu ilin yanvar ayında ABŞ-ın ədliyyə nazirliyi Huawei şrkətini sənaye casusluğunda, texnologiyaların oğurlanmasında və bank saxtakarlığında günahlandırmışdı. Şirkət həmin iddiaları rədd edir.
    - Bu ilin 16 may tarixində ABŞ-ın ticarət nazirliyi Huawei şirkətini qara siyahıya saldı və ona, xüsusi dövlət icazəsi olmadan yerli şrkətlərdən aparat və proqram təminatının alınmasını qadağan etdi.
    - Dünən isə Reuters saytı xəbər verdi ki, Google şirkəti Huawei ilə əməkdaşlığı və ona Android əməliyyat sistemi ilə Google servislərinin (Google tətbiqi, Chrome brauzeri, YouTube, Play Market, Google Maps və s.) lisenziyalarının satışını dayandırır.
    - Google şirkətinin ardınca bir sıra ABŞ şirkətləri də Huawei ilə əməkdaşlığı dayandırdıqlarını elan etdilər. Onların arasında prosessor istehsalçıları olan Intel, Qualcomm, Broadcom Xilinx şirkətləri var.
    Huawei şirkətinin Android ilə məsələsi necə olacaq?
        Google şirkəti bildirib ki, bu məsələ artıq satışa çıxmış smartfon və planşet modellərini əhatə etməyəcək. Onların istifadəçiləri həmişəki kimi Google Play vasitəsilə tətbiqləri yükləyə və yeniləyə biləcəklər və o cümlədən Google servislərindən istifadə edə biləcəklər. Huawei şirkəti söz verib ki, Huawei və Honor brendinin istifadəçiləri təhlükəsizlik sistemi yenilənmələrini əldə etməyə davam edəcəklər. Bu, artıq istifadə olunan və ya dünya bazarında mövcud olan smartfon və planşet modellərinə şamil olunur. Huawei şirkətinin gələcəkdə satışa çıxardacağı cihazların aqibəti barəsində isə tərəflər heç bir fikir bildirməyiblər.
        Bundan əlavə olaraq məlum deyil ki, Huawei smartfonları bu ilin avqust ayında işıq üzü görəcək Android Q əməliyyat sistemini əldə edəcəklər yoxsa yox. Reuters saytının mənbələrinin verdikləri məlumata əsasən Huawei şirkəti yalnız açıq mənbəli koda sahib Android əməliyyat sistemindən (Android Open Source Project) istifadə edə bilər. Lakin həmin əməliyyat sistemində Play Store, Chrome, YouTube, Gmail və digər Google servislərindən istifadə etmək mümkün deyil.
        Huawei şirkəti Samsung-dan sonra dünyanın ikinci ən böyük smartfon istehsalçısıdır. Canalys adlı analitik şirkətin qiymətləndirməsinə əsasən 2019-cu ilin birinci rübündə şirkət 59.1 milyon smartfon istehsal edib və dünya bazarının 18.8%-ni tutub. Huawei şirkəti 2020-ci ilə kimi Samsung şirkətini geridə qoyaraq dünyanın bir nömrəli smartfon istehsalçısı olmağı hədəfləyirdi. Bu barədə şirkətin CEO-su Richard Yu 2018-ci ilin noyabrında bildirmişdi. Google şirkəti ilə əməkdaşlığın pozulması isə bu planları təhlükə altına ata bilər.
    Ehtiyat planı kimi özünün əməliyyat sisteminin yaradılması:
        Huawei şirkəti bu cür ehtimala hazırlaşırdı. Bu ilin mart ayında şirkət bildirmişdi ki, Google və Microsoft ekosistemlərindən istifadənin qadağan olunacağı ehtimalı üçün şirkət smartfon və planşetlərə uyğun özünün əməliyyat sistemini hazırlayıb. Microsoft şirkəti hələki Huawei ilə əməkdaşlıqla bağlı bir fikir bildirməyib.
        “Biz öz əməliyyat sistemimizi hazırlamışıq. Əgər elə bir hal baş versə ki, biz bir daha bu sistemlərdən (Android və Windows) istifadə edə bilməyəcəyik, biz buna hazırlıqlı olacağıq. Bu bizim B planımızdır. Lakin biz yenə də Google və Microsoft ekosistemləri ilə çalışmağı davam etdirmək istərdik” - deyə Richard Yu bildirib. Huawei şirkəti özünün əməliyyat sistemi barəsindəki detalları açıqlamır. Counterpoint Research şirkətinin tədqiqatlar üzrə direktoru Neil Shah-ın fikrincə çox güman ki, şirkət Google Play-dən istifadənin ləğv olunması nəticəsində Android üçün kənar onlina mağazalardan istifadə etməli olacaq.
        “Bu, Android ilə müqayisədə Huawei şirkətinin öz əməliyyat sisteminin ən böyük mənfi cəhətidir. Belə ki, onda, Google Play-də olan bir çox tətbiqlər olmayacaq. Onlardan bəziləri isə köhnəlmiş və təhlükəsizlik baxımından etibarsız olacaqlar. Çünki həmin tətbiqlər Google tərəfindən yoxlanılmayacaq. İstifadəçilər tətbiqləri özləri axtarmalı olacaqlar və ya Huawei şirkəti Android ilə uyğunlaşan tətbiqlər üçün özünün online mağazasını yaratmalı olacaq. Bu isə heç də asan bir iş deyil” - deyə Neil Shah bildirib.
    Intel və digər istehsalçıların prosessorlarına alternativ həll üsulu:
        Smartfonların və şəbəkə təchizatlarının istehsalında Huawei şirkəti Intel, Broadcom və Xilinx kimi istehsalçıların prosessorlarından istifadə edir. Lakin bu şirkətlər də Huawei ilə əməkdaşlığı dayandırıblar. Sözügedən şirkətlərlə ticarətin məhdudlaşdırılmasından sonra Huawei öz prosessorlarından istifadə edə bilər. Həmin prosessorlar Huawei-nin digər struktur şirkəti olan HiSilicon tərəfindən istehsal olunur. Huawei artıq Mate smartfon seriyasında HiSilicon istehsalı olan Kirin prosessorlarından istifadə edir. 17 may tarixində HiSilicon şirkətinin CEO-su He Tingbo əməkdaşlara bildirmişdi ki, şirkət ekstremal vəziyyətlərə hazırdır və lazımi komponentlərin istehsalını təmin etməyə qadirdir.
        Huawei fikirləşir ki, bir gün HiSilicon prosessorları ABŞ şirkətlərinin istehsal etdikləri komponentləri tamamilə əvəz edəcəklər. Lakin Reuters saytının sorğusunda iştirak etmiş mütəxəssislərin fikrincə istehsalat problemi səbəbilə çətin ki, Huawei şirkəti yaxın bir neçə il ərzində tamamilə öz prosessorlarına keçid edə bilsin. 2018-ci ildə HiSilicon şirkəti ümumi dəyəri 7.5 milyard dollardan çox olan prosessorlar istehsal etmişdi. Kənar istehsalçılardan isə Huawei şirkəti ümumi dəyəri 21 milyard dollar olan prosessorlar alıb.
        Bloomberg saytının mənbələrinin verdikləri məlumata əsasən Huawei şirkəti minimum 3 aylıq komponent ehtiyatına sahibdir. Məlumata əsasən şirkət həmin ehtiyatı 2018-ci ilin ortasından yığmağa başlayıb. Huawei rəhbərliyi ümid edir ki, 3 ay ərzində ABŞ ilə Çin ticarət müharibəsi məsələsi üzrə yekun kompromissə gələ biləcək və ABŞ bazarı ilə biznesin aparılması yenidən bərpa olunacaq. Lakin əgər bu məsələ həll olunmasa, bu, Huawei şirkətinin biznesinə böyük zərbə vurmaqla yanaşı həm də bütün dünya üzrə 5G şəbəkəsinin yayılmasına da təsir edəcək.
    Mənbə: Vc.ru
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər