4 kameralı və Edge Sense 2 texnologiyalı HTC U12 Plus modeli təqdim olundu (VİDEO)
Elm & Texnologiya
23.05.2018
Farid Pardashunas
HTC şirkəti artıq neçənci dəfədir
ki, hər hansı bir tədbir keçirtmədən öz yeni flaqman modelini təqdim edir. Şirkət
bu dəfə də sadəcə olaraq yeni smartfon barəsində məlumatları internetdə təqdim
edib. Söhbət, HTC U12 Plus modelindən gedir. Sözügedən model keçən ilki HTC U11
Plus modelinin davamçısıdır. HTC o şirkətlərdəndir ki, mobil bazarın son trendləri
arxasında qaçmayaraq yeni smartfonun ekranının üzərində çıxıntı hissəsi yerləşdirməyib.
Yeni HTC U12 Plus 18:9 nisbətli 6 inç-lik Super LCD (aşağı və yuxarıdan nazik çərçivələr
ilə) ilə təchiz olunub. Ekran həmçinin DCI-P3 və HDR10 formatlarını dəstəkləyir.
Bundan əlavə olaraq ekran Gorilla Glass 5 qoruyucu şüşə ilə örtülüb.
Smartfonun arxa paneli
şüşədən hazırlanıb və əyilmiş formaya sahibdir. Smartfon qara, qırmızı və şəffaf
arxa qapaqlı göy rəngdə satışa çıxacaq. Sonuncu variantda arxa panel tərəfdən
smartfonun bütün daxili komponentləri görünür. Smartfonun arxa panelində həmçinin
barmaq izi skanı texnologiyası, ikili kamera, lazer avtofokusu, işıqlandırma sistemi və əlavə mikrofon yerləşdirilib. Təəssüflər olsun ki, HTC U12 Plus 3.5
mm-lik audiogirişə sahib deyil. Cihazın aşağı hissəsində iki səsgücləndirici
var. Onlardan biri BoomSound Hi-Fi Edition-dur, digəri isə adi danışıq üçün nəzərdə
tutulmuş səsgücləndiricidir. HTC U12 Plus da əvvəlki model kimi istifadəçinin əl
ilə sıxılmasına reaksiya verir. Yeni smartfonda Edge Sense texnologiyası ikinci nəslə
kimi yenilənib.
Beləliklə smartfonun sistemi istifadəçinin cihazı hansı əlində
tutduğunu avtomatik təyin edərək ona uyğun interfeysi təqdim edir. Həmişə
olduğu kimi yeni smartfonda da əsas diqqət kameralara ayrılıb. Belə ki, HTC U12
Plus 4 ədəd kamera ilə təchiz olunub: İkili arxa və ikili ön kamera. Deməli
smartfon 12 MP (1.4 mikrometr ölçülü piksel keyfiyyətli və f/1.75 diafraqmalı
UltraPixel modulu) + 16 MP (1 mikrometr ölçülü piksel keyfiyyətli və f/2.6
diafraqmalı modul) ikili arxa kamera ilə təchiz olunub. Həmin kameralar həmçinin
təsvirin optik, elektron stabilizasiya özəlliklərini və ikinci nəsil UltraSpeed
Autofocus sürətli avtofokusunu dəstəkləyirlər.
Ön hissədən isə smartfon 8 MP (1.21 mikrometr ölçülü piksel keyfiyyətli və
f/2.0 diafraqmalı modul) + 8 MP ikili kamera ilə təchiz olunub. Ön tərəfdən iki
kameranın olması əsasən istifadəçinin üz skanı zamanı və portret rejimində arxa
fonun bulanıq düşməsi üçün lazımdır. Digər əsas texniki özəlliklərə gəldikdə isə
HTC U12 Plus modeli 2.8 GHz tezlikdə çalışan 8 nüvəli Snapdragon 845
prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), QuickCharge
3.0 sürətli enerji yığma özəllikli 3500 mAh enerji tutumlu batareya ilə təchiz
olunub və IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. 64
GB daxili yaddaşa sahib versiya 799$-a, 128 GB daxili yaddaşa sahib versiya isə
849$-a satılacaq. Smartfonu artıq indidən ön sifariş etmək olar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)