
Çində çoxdan gözlənilən Xiaomi Mi 8 flaqman modelinin 3 versiyasının, Mi Band 3 fitnes qolbağının və MIUI 10 sistem interfeysinin təqdimatı baş tutdu. İndi isə növbə ilə sizlərə hər bir təqdim olunmuş məhsul barəsində ətraflı məlumat verək. Təqdim olunmuş yeni Xiaomi Mi 8 keçən ilki modeldən fərqli olaraq bir xeyli dəyişikliklərə məruz qalıb. Bundan əlavə olaraq təqdimat zamanı həmçinin flaqman modelin daha sadələşdirilmiş versiyası Xiaomi Mi 8 SE də təqdim olunub və o, yeni Snapdragon 710 platforması əsasında çalışır. Təqdimata kimi tam dəqiq məlum deyildi ki, smartfonun xarici görünüşü necə olacaq. Lakin Xiaomi şirkəti bu dəfə də öz rəqiblərinin yolu ilə gedib.
Beləliklə Xiaomi Mi 8 modeli də yeni trendə əsasən ekran üzərində çıxıntı hissəyə sahibdir. Lakin digər Android smartfonlardan fərqli olaraq Xiaomi şirkəti daha da irəli gedərək Apple kimi həmin çıxıntı hissəsinə istifadəçi üzünün dəqiq 3D skan texnologiyasını yerləşdirdi. Belə ki, çıxıntı hissəsində yerləşdirilmiş infraqırmızı ötürücü hesabına smartfon hətta qaranlıq mühitdə də öz istifadəçisinin üzünü təyin edə bilir. Çərçivəsiz dizayn sayəsində smartfonun bütün ön panelini 19:9 nisbətində 6.21 inç-lik 2280x1080 piksel keyfiyyətli ekran əhatə edir. Ekran AMOLED texnologiyası əsasında hazırlanıb. Lakin Xiaomi də digər Android istehsalçıları kimi smartfonun aşağı hissəsindəki çərçivədən tam olaraq qurtula bilmədi. Ekran üzərindəki çıxıntı hissəsini isə istənilən zaman ayarlara daxil olub xüsusi zolaq ilə gizlətmək olar.
Təqdimatdan öncə məlumatlar yayılmışdı ki, smartfonda barmaq izi skanı texnologiyası cihazın ekranına inteqrasiya olunacaq. Lakin görünür, bu fikirdən imtina edilib. Belə ki. smartfonun barmaq izi skanı texnologiyası onun arxa panelində yerləşir. Şirkətin yeni flaqman modeli adəti üzrə yüksək texniki özəlliklərə sahibdir. Beləliklə Mi 8 modeli 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6 GB RAM, 64/128/256 GB daxili yaddaş, Quick Charge 4.0 sürətli enerji yığma özəllikli 3300 mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz olunub. Təqdimatın böyük bir hissəsi smartfonun kameralarına həsr olunmuşdu. Xiaomi Mi 8 12 MP (f/1.8 diafraqmalı) + 12 MP (f/2.4 diafraqmalı) ikili arxa kamera ilə təchiz olunub.
Arxa kameralar sürətli faza avtofokusu və təsvirin dördoxlu optik stabilizasiyası özəlliklərini dəstəkləyirlər. Şirkət həmçinin foto çəkimləri üçün süni zəka texnologiyasından da istifadə edib. Foto çəkilişi zamanı smartfon süni zəkadan istifadə edərək avtomatik şəkildə səhnələri analiz edir və hər bir kadr üçün optimal çəkiliş rejimini təqdim edir. Smartfon həmçinin f/2.0 diafraqmalı 20 MP-lik ön kameraya da sahibdir. DxOMark nüfuzlu saytı smartfonun kameralarına 99 xal verib. Foto çəkilişi üzrə reytinqdə isə bu nüfuzlu sayt kameralara 105 xal verib. Müqayisə üçün qeyd etmək lazımdır ki, vaxtı ikən iPhone X bu saytdan 97 və 101 xal əldə etmişdi. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 421$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 468$, 6 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 515$ qiymətinə satılacaq.
Adi Mi 8 modelindən əlavə olaraq smartfonun qeyri-adi dizayna sahib xüsusi modelini də təqdim ediblər. O, Xiaomi Mi 8 Exploration Edition adlanır. Sözügedən modelin arxa paneli şəffaf qapaqdan ibarətdir. Bunun sayəsində istifadəçi smartfonun daxili komponentlərini görə bilər. Bu modeli adi versiyadan fərqləndirən əsas özəllik isə ondan ibarətdir ki, Exploration Edition istifadəçi üzünün daha dəqiq 3D skan texnologiyasına və ekrana inteqrasiya olunmuş barmaq izi skanına sahibdir. Bununla yanaşı Mi 8 Exploration Edition modeli 8 GB RAM ilə təchiz olunub. Smartfon 8 GB RAM və 128 GB daxili yaddaş versiyasında satılacaq. Çində onun qiyməti 577$ təşkil edəcək.
Əvvəldə də dediyimiz kimi şirkət təqdimat zamanı flaqman modelin daha sadələşdirilmiş versiyası olan Mi 8 SE modelini də təqdim edib. Sadələşdirilmiş model eyni dizaynda hazırlansa da daha iti uclara sahibdir. Smartfon 2244x1080 piksel keyfiyyətli 5.88 inç AMOLED ekran, yeni 8 nüvəli Snapdragon 710 prosessoru, 4/6 GB RAM, 64 GB daxili yaddaş, 12 MP + 5 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 3120 mAh enerji tutumlu batareya ilə təchiz olunub. 4 GB RAM-a sahib versiya 280$, 6 GB RAM-a sahib versiya isə 312$ qiymətinə satılacaq.
Mi 8 modellərinin təqdimatından sonra şirkət çoxdan gözlənilən Mi Band 3 fitnes qolbağının təqdimatını da keçirdib. Mi Band 3 aşağı qiymət göstəricisini özündə saxlayaraq əvvəlki modellərdən fərqli olaraq bir sıra yeni özəlliklər ilə təchiz olunub. Beləliklə Mi Band 3 ikinci nəsil qolbağın tanınan dizaynını özündə saxlayıb. Əsasən qolbaq özündə böyük dairəvi düyməni qoruyub saxlayıb və onun dizaynı kiçik kapsula şəklində hazırlanıb.
Qolbağın arxa panelində ürək döyüntülərinə nəzarət etmək üçün ötürücü yerləşdirilib. Yastı səthə sahib Mi Band 2-dən fərqli olaraq Mi Band 3 modelinin səthi bir qədər qabarıq formada hazırlanıb. Ön panelin böyük bir hissəsini 0.78 inç OLED ekran əhatə edir. Cihaz swipe-lar və ekrana toxunuş vasitəsilə idarə olunur. Yuxarıda adını çəkdiyimiz böyük dairəvi düyməyə klik edən zaman isə istifadəçi ana səhifəyə qayıda bilir. Mi Band 3 təkcə istifadəçinin fiziki aktivliyinə nəzarət etmir, hətta smartfona gələn zənglər və yeni bildirişlər barəsində istifadəçini xəbərdar edir.
Böyüdülmüş ekran sayəsində onda mesajların bir hissəsi, zəng zamanı kontaktların adları, hava proqnozu və digər məlumatlar əks olunur. Cihazda hansı həcmdə batareyanın olduğu bildirilməsə də şirkət məlumat verib ki, qolbaq bir dəfə şarj olunandan sonra 20 gün ərzində avtonom rejimdə çalışa bilir. Cihaz həmçinin sudan qorunma özəlliyinə sahibdir və bunun sayəsində onu 50 metr dərinliyə kimi endirmək olar. Daha bir yenilik isə ondan ibarətdir ki, qolbaq NFC moduluna sahibdir. Bu isə o deməkdir ki, onun vasitəsilə alış-verişlərin ödəməsini reallaşdırmaq olar. Çində Mi Band 3-ün standart versiyası 26$-a, NFC modula sahib olan versiya isə 31$ qiymətinə satılacaq.
Sadalanmış cihazlardan əlavə olaraq şirkət həmdə MIUI interfeysinin 10-cu versiyasını da təqdim edib. Yeni versiyada tərtibatçılar tamamilə istifadəçi interfeysini dəyişiblər və əsasən köhnə model smartfon istifadəçilərinin qiymətləndirəcəkləri bir sıra yeni funksiyalar əlavə ediblər. Beləliklə tərtibatçılar MIUI 10-da istifadəçi interfeysi üzərində bir xeyli çalışıblar. O daha çox Google şirkətinin Material Design-nını xatırladır. Yeni interfeysdə ekran bloklanması, bildirişlər mərkəzi, sürətli ayarlar menyusu kimi özəlliklər də daxil olmaqla əsas sistem elementləri üzərində çalışıblar.
Sistemin özü isə istənilən ekran və ekran çıxıntısı ölçüsünə görə optimizasiya olunub. Nəzərə çarpan ilk dəyişiklik işə salınmış tətbiqlər panelidir. Yeni versiyada həmin panel şaquli siyahı şəklində yerinə yetirilib və tətbiqlərlə qarşılıqlı əlaqəni həmin siyahıda reallaşdırmaq mümkündür. Şirkət öz ekosisteminə daha çox diqqət ayırır. Buna görə də MIUI 10-da bütün smart cihazlardan istifadə özəlliyi daha da sadələşdirilib. Bütün cihazlar bir siyahıda yığılıb. Sistem yeni cihazı tapdıqda isə ekranda xüsusi bildiriş əks olunur. Həmin bildiriş iOS-də AirPods və HomePod cihazlarının tapılması zamanı əks olunan bildirişə bənzəyir.
Xiaomi şirkəti bildirib ki, əsas özəllik onun cihazlarının çalışma sürətləridir. Buna görə də MIUI 10-un optimizasiyası üzərində yaxşıca çalışıblar. Nəticədə tətbiqlərin işə salınması sürəti artırılıb və cihazlarla qarşılıqlı əlaqədə yaranan gecikmələr minimuma endirilib. Şirkətin verdiyi məlumata əsasən Mi Mix 2S-də MIUI 10 daha sürətli çalışır nəinki iPhone X-də iOS 11. MIUI 10-da daha bir yenilik isə smartfon kameralarında süni zəka texnologiyasından istifadə özəlliyidir. Adətən istehsalçılar bunun üçün iki kameradan istifadə edirlər. Xiaomi isə Google şirkətinin yolu ilə gedərək kompüter nəzarəti texnologiyasından istifadə edib. Beləliklə bir arxa kameraya sahib smartfonlar MIUI 10 yenilənməsindən sonra portret çəkilişi rejimini əldə edəcəklər.
Proqram təminatı alqoritmləri kadrdakı şəxsin sərhədlərini təyin edərək onun arxa fonunu bulanıq edəcək. Təqdimetmə zamanı şirkət bildirib ki, orta statistika üzrə bir şəxs gün ərzində 236 bildiriş əldə edir. Bu isə istifadəçinin diqqətini ayırır və onu qıcıqlandırır. Buna görə də MIUI 10-da yeni bildirişlərin səs gücünü aşağı salıblar və sistemə ağıllı filtr özəlliyini daxil ediblər. Beləliklə sistem bildirişlərinin sayı 76% aşağı salınıb. Bunun sayəsində istifadəçi öz diqqətini yalnız vacib bildirişlərə ayıra biləcək. Artıq sabahdan MIUI 10-un bağlı beta testinə start veriləcək. Gələn ayın sonunda isə onun beta testi hamı üçün aktiv olacaq.
Yeni interfeysi ilk test edə biləcək insanlar bu smartfonların sahibləri
olacaqlar: Xiaomi Mi 8, Mi Mix 2S, Mi Mix 2, Mi Mix, Mi 6X, Mi 6, Mi 5, Mi Note
2, Redmi S2 və Redmi Note 5. İyul ayının sonunda isə yeni interfeysin testinə
bu smartfon istifadəçiləri qoşula biləcəklər: Mi Note 3, Mi 5X, Mi 5C, Mi 5S,
Mi 5S Plus, Mi 4, Mi 4C, Mi 4S, Mi Max 2, Mi Max, Redmi 5, Redmi 5A, Redmi 5
Plus, Redmi 4, Redmi 4A, Redmi 4X, Redmi 3S/3X, Redmi Pro, Redmi Note 5A, Redmi Note 4, Redmi
Note 4X və Redmi Note 3. MIUI 10-nun stabil versiyasının nə zaman
çıxacağı barəsində isə heç bir məlumat verilməyib.
Şərh yoxdur