main-post-cover

    Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa göndərilib (VİDEO)

    Süni İntellekt
    24.11.2021
    Emil Nəcəfov
        Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in Falcon 9 raketi vasitəsilə kosmosa NASA-nın DART adlı (Double Asteroid Redirection Test) missiyasının aparatı göndərilib. Kosmosa göndərilmiş aparat təqribi olaraq 1 ildən sonra Didim Dimorf adlı iki asteroiddən ibarət sistemə çatacaq və saatda 24 km sürətlə Dimorfla tpqquşacaq. Nəticədə Dimorf adlı asteroidin trayektoriyası dəyişməlidir. Missiyanın əsas məqsədi bu üsul ilə Yer kürəsini asteroidlərdən qorumağın mümkün olub-olmadığını yoxlamaqdır. DART missiyası çərçivəsində alimlər çoxlu sayda faydalı məlumatı əldə etməyi planlaşdırırlar. Həmin məlumatlar əsasında alimlər insanlıq tərəfindən yaradılmış obyektin real şərtlər altında asteroidə kinetik zərbəsinin nə dərəcədə effektiv olduğunu öyrənmək istəyirlər. Əldə olunacaq məlumatlar həmçinin gələcəkdə Yer kürəsinin potensial təhlükəli kosmik obyektlərdən qorunması üçün nəzərdə tutulmuş sistemlərin yaradılmasında da istifadə olunacaq.

    Didim və Dimorfdan ibarət sistemə zərbənin endirilməsi qərarı heç də təsadüfi seçilməyib. Belə ki, Yer kürəsindən start götürən obyektlər üçün məhz sözügedən sistem daha əlçatandır.

        Yer kürəsi üçün Didim heç bir təhlükə mənbəyi daşımır. Yer kürəsinə ən yaxın məsafəyə (5.9 milyon km) o hələ 2123-cü ildə yaxınlaşacaq. Didim asteroidinin diametri 800 metr, Dimorfun diametri isə 150 metr təşkil edir. NASA-nın DART adlı aparatı təqribi olaraq soyuducu ölçüsündədir və asteroid ilə toqquşma anında onun kütləsi 550 kq təşkil edəcək. Toqquşmaları planlaşdırılan obyektlərin kütlələri arasındakı fərqi qeyd etməyə ehtiyac yoxdur. Məhz buna görə DART aparatının Dimorf ilə toqquşması nəticəsində asteroidin trayektoriyasının 1% dəyişilməsinə ümid edilir. Kompüter modelləşdirilməsinə əsasən bunun baş verəcəyi halda asteroidin həmçinin sürətində də 1%-lik dəyişiklik olacaq. Hal hazırda Dimorf Didim ətrafında tam dövrü 11 saat 55 dəqiqə ərzində reallaşdırır. Hesablamalara əsasən isə toqquşmadan sonra bu zaman göstəricisinə 73 saniyə əlavə ediləcək. Toqquşmanın müşahidə edilməsində həmçinin İtaliyanın LICIACube adlı (Light Italian Cubesat for Imaging Asteroids) kubsatı (kosmosun tədqiqatı üçün nəzərdə tutulmuş kiçik ölçülü və kub formasında olan süni peyk) da yardımçı olacaq.
        Məhz sözügedən kubsat daxilində DART aparatı yerləşir və o, toqquşmaya 10 gün qalmış açıq kosmosa buraxılacaq. Kubsat öz növbəsində ətrafında baş verəcək hər şeyi çəkəcək və aparatın asteroidlə toqquşma faktını təyin etməyə çalışacaq. Bütün proses kosmik sürətdə və kosmik məkanda aydın olmayan istiqamətləndirmə üzrə baş verəcəyi üçün nəticənin necə olacağı məlum deyil. Kubsat asteroidin yanından keçərək həmişəlik kosmik məkanda itəcək. Asteroid trayektoriyasında dəyişikliyin olub-olmadığını bir neçə ildən sonra Hera adlı missiya çərçivəsində yaxından müşahidə etmək mümkün olacaq. Avropa Kosmik Agentliyi tərəfindən hazırlanan Hera adlı missiya çərçivəsində Didim və Dimorfdan ibarət sistemə iki ədəd kubsat göndəriləcək. Həmin kubsatlar sözügedən sistemdə DART-ın Dimorfa olacaq zərbə təsirinin izlərini axtaracaqlar. Nəticədə bir neçə ildən sonra biz, NASA-nın bu təcrübəsinin uğurlu olub-olmadığını öyrənə biləcəyik. 
    Linki kopyala