main-post-cover

    Yeni nəsil tibb: Nanorobotlar insan orqanizmində hərəkət etməyi bacarıblar (VİDEO)

    Süni İntellekt
    31.08.2020
    Emil Nəcəfov
        Alimlərin fikirlərinə əsasən gələcəkdə ağıllı nanorobotlar lazımi dərmanları insan orqanizminə çatdıra, orqanizmdən toksinləri çıxarda və insanları bütün xəstəliklərdən azad edə biləcəklər. Həmin vaxtın gəlib çatmasında amerikalı alimlər vacib addım atıblar. Belə ki, onların yaratdıqları mikroskopik cihazlar lazer impulslarından qidalanaraq insan orqanizmində sürətlə hərəkət edə bilirlər. Bu barədə Newatlas saytı xəbər verib. Kornel Universitetinin mühəndislər komandası tərəfindən yaradılmış nanorobotlar çox sadə konstruksiyaya və ölçülərə sahibdirlər.
        Bu baxımdan onlar bir hüceyrəli orqanizmlərə bənzəyirlər. Yaradılmış nanorobotların qalınlıqları 5 mikron, enləri 40 mikron, uzunluqları isə 40-70 mikrondur. Sözügedən nanorobotlar silisum əsaslı fotoelektrik zəncirdən yaradılıblar və onlar lazer impulsları vasitəsilə qidalanırlar. Nanorobotların ayaqları bir neçə atom ölçüsündə olan platin zolaqlarından hazırlanıb. Ayaqların bir hissəsi ətalət vəziyyətində olan titan laydan, digər hissəsi isə polimer panellərdən ibarətdir.
        Lazer fotoelektrik elementlərə müsbət gərginlik göndərən zaman mənfi ionlar nanorobotların ayaqlarındakı polimer panellər arasında olan platinə yapışırlar. Bu isə öz növbəsində nanorobotların ayaqlarının qatlanmasına səbəb olur. Lazerlərin  arxa və qabaq ayaqlar üzrə növbələşmələri nanorobotların hərəkət etmələrinə gətirib çıxardır. Məlumatda qeyd edilib ki, nanorootlar çox effektivdirlər. Belə ki, onlar 200 millivolt gərginlikdə və 10 nanovatt gücündə çalışa bilirlər. Hal hazırda alimlər nanorobotların əlavə funksiyaları öyrənmələri üzərində çalışırlar. 
    Linki kopyala