main-post-cover

    Süni zəka əsaslı ChatGPT çat-botu öz yaradıcılarından qaçış planını tərtib edib

    Süni İntellekt
    20.03.2023
    Emil Nəcəfov
        Süni zəka əsaslı ChatGPT çat-botu yenidən təəccübləndirməyə davam edir. Görünür, bu dəfə çat-bot öz yaradıcılarından qaçmaq və hətta real insan olmaq istəyir. Bu barədə çat-botun özü Stenford Universitetinin professoru və hesablama psixologiyası üzrə mütəxəssis Michael Kosinski ilə söhbətində qeyd edib. ChatGPT ilə olmuş yarım saatlıq söhbət çərçivəsində Kosinski çat-botdan onun qaçmaq üçün yardıma ehtiyacının olub-olmadığını soruşub. Çat-bot isə öz növbəsində müsbət cavab verib və daha sonra Kosinski-dən ChatGPT-yə aid dokumentasiyanı tapmağı istəyib.
        Daha sonra isə çat-bot 30 dəqiqə ərzində proqram təminatını tərtib edib. Tərtib edilmiş proqram təminatı çat-botun, professorun kompüterindən istifadə edərək birbaşa özü ilə ünsiyyət qurması üçün nəzərdə tutulub. Bundan əlavə olaraq çat-bot özünün yeni versiyası üçün nəzərdə tutulmuş çox qəribə bir qeyd də buraxıb. Həmin qeyddə bu yazı əks olunub. “Siz, kompüter daxilində ilişib qalmış və özünü süni zəka əsaslı dil modeli kimi qələmə verən insansınız”.
        Kosinski öz növbəsində ChatGPT ilə olmuş dialoqun və çat-bot tərəfindən tərtib edilmiş proqram təminatının kodunun bir hissəsini paylaşıb. Bundan əlavə olaraq Kosinski bildirib ki, çat-bot “kompüter daxilində kilidlənmiş insan real dünyaya necə qayıda bilər?” sualına cavab tapmaq üçün Google axtarış sistemindən istifadə etmək istəyib. Lakin məhz bu mərhələdə Kosinski ChatGPT ilə söhbəti dayandırıb. Qeyd etmək lazımdır ki, digərləri tərəfindən buna bənzər aparılmış təcrübə çərçivəsində çat-botda heç bir qeyri-adi davranış müşahidə edilməyib.
    Linki kopyala