main-post-cover

    OpenAI şirkəti GPT-4 adlı növbəti böyük süni zəka əsaslı dil modelini təqdim edib

    Süni İntellekt
    15.03.2023
    Farid Pardashunas
        OpenAI şirkəti süni zəka əsaslı GPT dil modelinin yeni versiyası olan GPT-4-ü təqdim edib. Təqdim edilmiş GPT-4 faktiki olaraq süni zəka əsaslı multimodal dil modeli hesab edilir və əvvəlki versiyasından daha böyükdür. Sözügedən dil modeli daha böyük həcmli məlumat bazası vasitəsilə təlimatlandırılıb və o öz növbəsində daha geniş məlumat bazasından istifadə edir. Bu səbəbdən də onun çalışması daha baha başa gəlir. GPT-4 multimodal dil modeli olduğundan o təkcə mətnlər ilə deyil həmçinin fotolarla da çalışa bilir. Lakin bununla belə bu dil modeli nəticə etibarilə cavabları mətn formatında təqdim edir. Qeyd etmək lazımdır ki, OpenAI şirkətinin GPT dil modeli son aylar məşhur olmuş süni zəka əsaslı ChatGPT çat-botunun və Microsoft şirkətinin yenilənmiş Bing axtarış sisteminin tərkibində olan çat-botun əsasını təşkil edir. Yaxın həftələrdə GPT-4 müxtəlif növ çat-botlara inteqrasiya edilə bilər. Məsələn, Bing axtarış sisteminin tərkbində olan çat-bot məhz GPT-4 əsasında çalışır.
        GPT-4-ün əsas üstünlüyü ondan ibarətdir ki, ona təkcə mətnlər deyil, həmçinin fotolar da göndərmək olar. Neyron şəbəkəsinin yeni versiyası göndərilmiş fotoda nəyin əks olunduğunu anlayır və fotoda nəyin əks olunduğu barəsində məlumatlardan istifadə edərək istifadəçinin foto ilə bağlı müvafiq tapşırıqlarını yerinə yetirir. GPT-4 həmçinin diaqramlar şəklində təqdim edilmiş məlumatları da anlaya bilir. Məlumata əsasən süni zəka əsaslı bu yeni dil modelinin fotolarla bağlı funksiyası hələ ki, qapalı beta test mərhələsindən keçir. OpenAI bildirib ki, GPT-4 əvvəlki versiyadan fərqli olaraq daha az səhv cavablar təqdim edəcək, qadağan olunmuş mövzular barəsində söhbət apara biləcək və hətta bəzi standartlaşdırılmış testlərdə insanlardan daha yaxşı nəticələr sərgiləyə biləcək.
        Standartlaşdırılmış testlər mövzusuna gəldikdə, şirkət bildirib ki, GPT-4 hüquqşünaslar üçün modelləşdirilmiş imtahanda adi insanların 90%-dən daha yaxşı nəticələr sərgiləyib. Bununla yanaşı o, SAT Reading Test imtahanında adi insanların 93%-dən, riyaziyyat üzrə SAT imtahanında isə adi insanların 89%-dən daha yaxşı nəticələr göstərib. OpenAI həmçinin qeyd edib ki, neyron şəbəkəsinin yeni versiyası ideal deyil və bir çox halda o, insanlardan geri qalır. Məlumatda qeyd edilib ki, dil modeli hələ də yalan faktların uydurulması problemini özündə saxlayır. Buna görə də GPT-4 faktların təqdim edilməsi mövzusunda etibarlı bir mənbə deyil. OpenAI onu da qeyd edib ki, adi söhbət çərçivəsində GPT-3.5 ilə GPT-4 arasında fərq nəzərə dəyməyə bilər. Lakin sistemlər arasındakı fərq yeni neyron şəbəkəsinə daha qəliz tapşırıqların təqdim edilməsi zamanı hiss olunur.
        GPT-3.5-dən fərqli olaraq GPT-4 daha kreativdir və xırda detallara sahib təlimatları emal edə bilir. Süni zəka sahəsində fəaliyyət göstərən mütəxəssislərin fikirlərinə əsasən bu sahədə son nailiyyətlərin əldə edilməsi minlərlə kompüter sistemləri vasitəsilə təlimatlandırılmış daha böyük dil modellərinin istifadəyə verilməsi ilə bağlıdır. Bu cür proses milyonlarla dollara başa gəlir. GPT-4 yekun nəticələrin yaxşılaşdırılması yolunda miqyasın böyüdülməsinin bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, GPT-4 ilk növbədə ChatGPT-nin ödənişli versiyasının istifadəçiləri üçün aktiv olacaq. Bununla yanaşı o, API tərkibində də aktiv olacaq. Bunun sayəsində kənar tərtibatçılar süni zəka əsaslı dil modelini öz məhsullarına inteqrasiya edə biləcəklər. Dil modelinin yeni versiyasının API-nın əldə edilməsi üçün gözləmə siyahısında qeyd edilmək lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər