main-post-cover

    NASA Perseverance adlı aparatı Marsa göndərib: Aparat qırmızı planetə nə zaman çatacaq? (VİDEO)

    Süni İntellekt
    31.07.2020
    Emil Nəcəfov
        NASA agentliyi Mars 2020 layihəsinin ilk mərhələsini uğurla yekunlaşdırıb. Belə ki, ilkin mərhələ çərçivəsində NASA agentliyi Atlas V raketi vasitəsilə Perseverance adlı yeni Mars aparatını qırmızı planetə yollayıb. Missiyanın əsas məqsədi isə sözügedən robot ilə kiçik vertolyotu Marsa çatdırmaq və onların sayəsində qırmızı planetdə həyat formalarının olub-olmamasını tədqiq etməkdir. Uğurla göndərilmiş raket isə 6.5 aydan sonra Marsa çatmalıdır. Uçuşun uğurlu keçəcəyi halda aparat Marsın səthinə 18 fevral 2021-ci il tarixində enəcək.
        Eniş yeri kimi isə Marsdakı Jezero adlı krater seçilib. Keçmişdə həmin ərazi su ilə dolu olub. Buna görə də alimlərin fikirlərinə əsasən həmin ərazinin süxurları özlərində mikrobioloji həyat növünün izlərini gizlədə bilər. Tədqiqatçılar əmin deyillər ki, yeni Mars aparatı canlı orqanizmləri aşkar edəcək. Lakin NASA alimləri sübut etmək istəyirlər ki, keçmişdə Marsda həqiqətən də həyat forması üçün münbit şərait olub. Perseverance aparatı 7 alətdən ibarətdir və onlar Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.
        Bundan əlavə olaraq yeni Mars aparatı 23 ədəd kamera ilə təchiz olunub. Aparatda olan 2 ədəd mikrofon vasitəsilə alimlər ilk dəfə Mars səthində olan səsləri də eşidə biləcəklər. 2026-cı ilə kimi NASA yığılmış süxurların Yer kürəsinə çatdırılması üçün Marsa raket göndərməyi planlaşdırır. Perseverance ilə birlikdə göndərilmiş kiçik vertolyotun əsas məqsədi isə yüksək hündürlükdən Marsın rəngli fotolarını çəkmək olacaq.
    Linki kopyala