NASA-nın, Yupiterin peyki ilə bağlı missiyasında SpaceX də iştirak edəcək
Süni İntellekt
27.07.2021
Emil Nəcəfov
NASA agentliyi 2024-cü ildə reallaşdırılması planlaşdırılan Europa Clipper adlı missiyasının həyata keçirilməsi üçün SpaceX şirkətini seçib. Sözügedən missiya Yupiterin altıncı peyki olan Avropanın müşahidə olunması üçün nəzərdə tutulub. Həmin müşahidə üçün isə Europa Clipper adlı kosmik aparatdan istifadə olunacaq. NASA ilə SpaceX arasındakı razılığa əsasən kosmik aparatı kosmosa məhz Falcon Heavy ağır raketi çatdıracaq. Hər iki tərəf arasında bağlanmış müqavilənin dəyəri 178 milyon dollar təşkil edir.
Europa Clipper aparatı nəticədə 45 dəfə Avropa ətrafında dövr etməli olacaq və 26 km məsafəyə eniş edəcək. Onun əsas məqsədi isə Avropa səthinin yüksək keyfiyyətli fotolarını çəkmək, onun buzdan ibarət olan qabığının xəritəsini yaratmaq, qabığın tərkibi ilə qalınlığını təyin etmək, buz örtüyünün altında yerləşən okeanın tərkibini və duzluluq səviyyəsini ölçməkdir. Aşağı orbit hesabına Europa Clipper aparatı su buxarlarının arasından uça biləcək. Həmin su buxarları Avropanın buzlu səthindən 100 km hündürlüyə ifraz olunur.
Kosmik aparat is həmin su buxarını analiz edərək peykin daxilində yerləşən okeanda həyat növünün olub-olmadığını araşdıracaq. Qeyd etmək lazımdır ki, Yupiterin Avropa adlı peyki Günəş sistemində həyat növünün potensial mövcudluğuna namizəd olan ən ideal variantlardan biridir. Onun 100 km-ə çatan buzlu qabığının altında maye şəklində mövcud olan okean var. Həmin okean Yupiterin qravitasiyası hesabına donmur. Belə ki, Yupiterin qravitasiyası Avropanı sıxaraq və dartaraq onun daxilini qızdırır. Bu cür şəraitdə bakteriyalar kimi primitiv mikroorqanizmlər mövcud ola bilər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!