main-post-cover

    NASA: ‘İnsanlar artıq bu onilliyin sonuna kimi Ayda daimi şəkildə məskunlaşa bilərlər’

    Süni İntellekt
    27.11.2022
    Emil Nəcəfov
        NASA-nın Artemis adlı Ay proqramına rəhbərlik edən mütəxəssis Howard Hu-nun sözlərinə əsasən insanların daimi şəkildə Ay-da yaşamaları artıq yaxın gələcəkdə reallığa çevriləcək bir ideyadır. NASA-nın fikrincə insanlar artıq bu onilliyin sonuna kimi daimi şəkildə Ayda məskunlaşa biləcəklər. Gözləntilərə əsasən 2024-cü ildə Artemis-2 missiyası çərçivəsində astronavtlar Ay ətrafı uçuşu reallaşdıracaqlar. 2025-ci ildə reallaşdırılması planlaşdırılan Artemis-3 missiyası çərçivəsində isə astronavtlar artıq Ay səthinə ayaq basa biləcəklər.

    “Biz insanları Ay səthinə göndərməyi planlaşdırırıq. Onlar orda yaşayacaq və elmlə məşğul olacaqlar. Artemis missiyaları dayanıqlı platforma ilə nəqliyyat sisteminin yaradılmasına imkan verəcəklər. Bu isə öz növbəsində bizlərə kosmosun bu mühitində əlavə itkilər olmadan istiqamətlənməyi öyrədəcək” - deyə Howard Hu qeyd edib.

        93 milyard dollar dəyərində olan Artemis proqramı uzun illər ərzində hazırlanıb. Onun əsas məqsədi insanların Marsa uçuşlarından öncə onların Ayda həyat şəraitlərini təmin etməkdir. Howard Hu qeyd edib ki, planlaşdırılan mərkəzi tədqiqat bazası Ayın cənub qütbündə yerləşə bilər. İlk növbədə orda su ehtiyatının olub-olmadığını təyin etmək lazımdır. Bu çox vacib faktordur. Belə ki, Ayın cənub qütbündə su ehtiyatının olacağı halda o, Mars uçuşlarının reallaşdırılmasında çox yardımçı ola bilər. Qeyd etmək lazımdır ki, Artemis-1 missiyası çərçivəsində göndərilmiş Orion kosmik gəmisi hal hazırda Ay ətrafı uçuş səyahətindədir.
    Linki kopyala