main-post-cover

    Microsoft süni zəka əsaslı ChatGPT çat-botunu Bing axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır

    Süni İntellekt
    04.01.2023
    Emil Nəcəfov
        Bloomberg saytının anonim mənbəsinin verdiyi məlumata əsasən Microsoft şirkəti OpenAI təşkilatı tərəfindən hazırlanmış süni zəka əsaslı ChatGPT çat-botunu Bing axtarış sisteminə inteqrasiya etməyi planlaşdırır. Bu üsul ilə şirkət istifadəçiləri anlaşılan və onların sorğularının kontekstlərinə uyğun gələn cavablar ilə təmin etməyi hədəfləyib. Məlumata əsasən Microsoft Bing axtarış sisteminin bu istiqamətdə yeni funksiyalarını yaxın aylar ərzində təqdim etməyi planlaşdırır. Lakin hal hazırda şirkət ChatGPT-nın verdiyi cavabları və onun axtarış sisteminə hansı sürətlə inteqrasiya etmə mümkünlüyünü qiymətləndirir.
        İlkin növbədə Bing axtarış sistemi çərçivəsində ChatGPT-nın funksiyaları çox məhdud sayda insan arasında istifadəyə verilə bilər. Məlumdur ki, Bing axtarış sistemləri bazarının lideri olan Google Search ilə rəqabət apara bilmir. Bəzi məlumatlara əsasən Microsoft şirkəti ChatGPT əsaslı texnologiyaları artıq bir neçə aydır ki, test edir. Qeyd etmək lazımdır ki, süni zəka əsaslı ChatGPT çat-botunu hazırlamış OpenAI təşkilatı öz tədqiqatlarını məhz Microsoft-un 1 milyard dollarlıq investisiyası sayəsində reallaşdırıb. OpenAI təşkilatı sözügedən çat-botun ictimai testinə noyabr ayında start vermişdi və beləcə o, milyonlarla istifadəçinin marağını cəlb edə bildi.
        Belə ki, ChatGPT istifadəçilər tərəfindən mətn formatında daxil edilən qısa təsvir sayəsində demək olar kokteyl reseptlərindən və film ssenarilərindən tutmuş proqram təminatı kodlarına kimi hər şeyi generasiya edə bilir. Sözügedən çat-botun əsas problemi ondan ibarətdir ki, o, ilk baxışdan inandırıcı səslənən, lakin əslində səhv olan cavabları da təqdim edir. Analitiklərin fikirlərinə əsasən hamı tərəfindən əldə edilə bilən məlumatların ümumiləşdirilməsi özəlliyi bu çat-botu Google Search-ün alternativ versiyasına çevirə bilər. Bununla belə OpenAI təşkilatının rəhbəri olan Sam Altman-ın sözlərinə əsasən hansısa vacib məsələdə ChatGPT-yə güvənmək səhv addım olardı.
    Linki kopyala