main-post-cover

    James Webb teleskopu 28 milyard işıq ili uzaqlığında yerləşən ulduzu öz yeni fotosunda əks etdirib

    Süni İntellekt
    04.08.2022
    Emil Nəcəfov
        James Webb kosmik teleskopu keçən ay ilk kosmik fotolarını göndərdiyi andan aktiv şəkildə çalışmağa davam edir. Kosmosun ən dərin ilk fotosunu və ən uzaq məsafədə yerləşən qalaktikanın fotosunu çəkəndən sonra sözügedən teleskop daha bir uğura imza atıb. Verilmiş məlumata əsasən James Webb bu dəfə kainatın ən uzaq məsafəsində yerləşən ulduzun fotosunu çəkə bilib. Söhbət, Earendel adlı ulduzdan gedir. Qeyd etmək lazımdır ki, sözügedən ulduz ilk dəfə olaraq Hubble teleskopu vasitəsilə kəşf edilmişdi. Lakin Hubble teleskopu vasitəsilə onu təyin etmək çox qəliz məsələ idi. Müqayisə üçün qeyd etmək lazımdır ki, James Webb tərəfindən çəkilmiş foto sözügedən ulduzun aşağı səviyyəli parlaqlığını və ulduz izini əks etdirir.
        Bu ulduzun rəsmi adı WHL0137-LS-dir. Çəkilmiş fotoda Earendel-i çox kiçik ölçülü qırmızı ləkə kimi görmək mümkündür. Sözügedən ulduzun aşkar edilməsi üçün alimlər qravitasiya linzası adlı məşhur üsuldan istifadə ediblər. Qalaktikalar və qara dəliklər kimi nəhəng kosmik obyektlərin qravitasiya sahələri həmin nəhəng obyektlərin arxasında yerləşən obyektlərdən ifraz edilən işığı təhrif edirlər. Daha uzaq məsafədə yerləşən ulduzdan gələn iş;q bu cür nəhəng kosmik obyektlərdən keçən zaman daha da böyüyür. Bu bir növ işığın teleskop linzasından keçməsinə bənzəyir.
        Nəticədə alimlər bu proses nəticəsində böyüyən işıq hesab;na uzaq məsafədə yerləşən kosmik obyektləri təyin etməyi bacarırlar. Qravitasiya linzası öz növbəsində kosmik teleskopların potensiallarını yüksəldir. Məhz bu səbəbdən həm Hubble həm də James Webb teleskopları 28 milyard işıq ili uzaqlığında yerləşən Earendel ulduzunu təyin edə biliblər. Bu ulduz barəsində o qədər də çox məlumat olmasa da, məlumdur ki, o, Balina bürcündə yerləşir. Güman olunur ki, Earendel Böyük partlayışdan sonrakı ilk milyard ildə mövcud olub. 
    Linki kopyala