main-post-cover

    Hubble teleskopu karlik qalaktikanın mərkəzində qeyri-adi qara dəlik aşkar edib (VİDEO)

    Süni İntellekt
    20.01.2022
    Emil Nəcəfov
        Alimlər Hubble teleskopu vasitəsilə Kompas bürcündəki Henize 2-10 adlı karlik qalaktikanın (bir neçə milyard ulduzdan ibarət kiçik qalaktika) mərkəzində qeyri adi qara dəlik aşkar ediblər. Sözügedən karlik qalaktika Yer kürəsindən 30 milyon işıq ili uzaqlığında yerləşir. Qalaktikanın mərkəzində aşkar edilmiş qara dəliyin qeyri-adiliyi isə ondan ibarətdir ki, o, ulduzları məhv etmək əvəzinə yeni ulduzların yaranmasına imkan verir. Hubble teleskopu vasitəsilə əldə edilmiş fotolarda qara dəliyin ifraz etdiyi qaz axınını görmək olar. Həmin qaz axını yeni ulduzların yarandıqları sahəyə doğru irəliləyir. Nəticədə həmin qaz axını onsuz da sıx olan qaz buludunda yeni ulduzların yaranmalarına səbəb olur. 
    Henize 2-10 qalaktikasının mərkəzi hissəsini əks etdirən foto: 230 işıq ili uzunluğunda olan isti qaz axını qara dəliyi yeni ulduzların yarandıqları sahə ilə birləşdirir.
        Qara dəlik ilə yeni ulduzların yarandıqları sahə arasındakı əlaqə özünü isti qaz axınında göstərir. Həmin qaz axını qara dəlik tərəfindən ifraz edilir və o, saatda 1.5 milyon km sürətlə hərəkət edir. Nəticədə sözügedən qaz axını sıx qaz buludu ilə toqquşur və qalaktikanın həmin sahəsində yeni ulduzların yaranmaları üzrə intensiv prosesə start verir. Alimlərin sözlərinə əsasən daha böyük qalaktikalarda bu cür qaz axınları əksinə yeni ulduzların yaranmalarına imkan vermirlər. Lakin Henize 2-10 adlı karlik qalaktikanın mərkəzində olan qara dəlik aşağı kütləyə sahibdir və onun qaz axınları yeni ulduzların yaranmalarına səbəb olurlar. Bu cür qalaktikaların ölçüləri milyardlarla il ərzində böyüməyiblər və onlar Süd Yolu kimi böyük ölçülü digər qalaktikalar ilə birləşmələyiblər. Alimlərin fikirlərinə əsasən karlik qalaktikaların mərkəzlərində olan qara dəliklər erkən kainatdakı qara dəliklərin analoqları ola bilərlər.
    Linki kopyala