main-post-cover

    Çinin Zhurong adlı aparatı Marsda suyun izlərini aşkar edib

    Süni İntellekt
    12.05.2022
    Farid Pardashunas
        Çinin Marsda yerləşən Zhurong adlı aparatının Yer kürəsinə göndərmiş olduğu yeni məlumatlar sayəsində alimlər güman edirlər ki, Marsın quru və soyuq olduğu dövr ərzində də aparatın eniş nöqtəsində su mövcud olub. Zhurong aparatı keçən il may ayında Tianwen-1 adlı orbital aparat ilə birlikdə Marsa çatmışdı. Faktiki olaraq sözügedən aparat artıq öz missiyasını yekunlaşdırıb. Onun əsas missiyası Marsda qədim həyat növünün izlərini aşkar etmək idi. Bununla yanaşı o, planetin mineral strukturunu və planetin səthində su ilə buz paylanmasını müşahidə etməli idi. Lakin keçən ilin avqust ayından Zhurong aparatı öz eniş sahəsindəki tədqiqatı davam etdirir.
        Qeyd etmək lazımdır ki, aparat keçən ilin may ayında Marsın Utopiya adlı düzənliyinə eniş etmişdi. Sözügedən düzənliyin diametri 3.3 min km təşkil edir və o, Marsdakı ən qədim kraterin bir hissəsidir. Alimlər düşünürlər ki, milyardlarla il bundan öncə Mars daha çox suya və daha isti temperatur şəraitinə sahib olub. Lakin təqribi olaraq 3 milyard il bundan öncə hansısa dəyişikliklər nəticəsində Mars quraqlıq ilə soyuq temperatur şəraitinə sahib planetə çevrildi. Mars hələ də sözügedən şəraitə sahibdr. Alimlər Mars tarixinin bu dövrünü Amazon dövrü adlandırırlar. Bu dövr özü 3 alt dövrə bölünür:
    - Erkən Amazon dövrü
    - Orta Amazon dövrü
    - Son Amazon dövrü (hələ də davam edir).
    Zhurong aparatının eniş sahəsi. Uzaqda aparatın eniş modulunu görmək olar:
        Beləliklə alimlər Zhurong aparatının yeni məlumatları sayəsində Utopiya düzənliyində hidratasiyaya məruz qalmış minerallar (bu minerallarda su molekulları digər orqanik və ya qeyri-orqanik maddələr ilə birləşmiş olurlar) aşkar ediblər. “Bu hidratasiyalı minerallar Erkən Amazon dövrünə aiddirlər və bu da onu göstərir ki, həmin dövrdə Marsda su mövcud olub” - deyə çinli alimlər qeyd ediblər. Hidratasiyalı minerallar arasında silisium dioksid sulfatlar olublar. Bu minerallar Marsda aşkar edilmiş daşların tərkib hissələrini təşkil edirlər. Həmin daşlar isə öz növbələrində Mars səthindəki sərt qabıq layını formalaşdırırlar. Bu cür sərt qabıq yalnız bir halda yarana bilər. Suyun buxarlanması nəticəsində ya qrunt suları ya da buzlaqların əriməsi torpağı bu cür sərt laya çevirir.
        Aparılmış yeni tədqiqat onu göstərib ki, çox güman ki, milyardlarla il bundan öncə Utopiya düzənliyində əvvəllər düşünüldüyündən daha aktiv su mühiti mövcud olub. Alimlərin sözlərinə əsasən Zhurong tərəfindən hidratasiyalı mineralların aşkar edilməsi gözlənilməz hadisə olub. Belə ki, daha öncə orbital aparatlar Utopiya düzənliyində sözügedən mineralların mövcudluqlarına dair işarələr aşkar etməmişdilər. “Bəzi alimlər güman edirlər ki, Utopiya düzənliyi əslində keçmişdə qurumuş nəhəng okeandır. İndi isə aparatın əsas məqsədi həmin ərazidə səthi layları analiz və suyun keçmişdə konkret olaraq harda olduğunu təyin etməkdir” - deyə alimlər qeyd ediblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər