main-post-cover

    Çinin Zhurong adlı aparatı Mars səthindən ilk fotolarını Yer kürəsinə göndərib

    Süni İntellekt
    19.05.2021
    Emil Nəcəfov
        15 may tarixində Çin Kosmik Agentliyinin Tianwen-1 adlı kosmik aparatı uğurla Mars səthinə eniş etmişdi. Kosmik aparat planetin şimal yarımkürəsində yerləşən Utopiya adlı düzənliyinin cənub hissəsinə eniş edib. Qeyd etmək lazımdır ki, kosmik aparatın daxilində Zhurong adlı 6 təkərli müşahidə aparatı da var. Beləliklə sözügedən aparat Mars səthində çəkdiyi ilk fotoları Yer kürəsinə göndərib. Aparat ümumilikdə 2 foto göndərib. Onlardan biri rəngli, digəri isə ağ-qaradır. Rəngli foto aparatın naviqasiya kamerası vasitəsilə çəkilib. Həmin fotoda aparatın Günəş panellərini və anten qurğusunu görmək olar. Ağ-qara foto isə aparatın ön kamerası vasitəsilə çəkilib. Bu kamera aparatın önündə ola biləcək maneələri təyin etmək üçün nəzərdə tutulub.
        Ağ-qara fotoda əks olunmuş 2 ədəd uzun parça səthi radarlardan ibarətdir və həmin radarlar ətraf mühit barəsində daha geniş məlumat əldə etmək imkanını verirlər. Aparatın ön kamerasında böyük genişbucaqlı obyektivdən istifadə olunur. Buna görə də təsvir təhrif olunur və uzaq üfüqdə qövs əmələ gəlir. Aparat eniş platformasından çıxmağa və Mars səthini analiz etməyə hazırlaşır. Qeyd etmək lazımdır ki, Tianwen-1 missiyası özündə orbital gəmini, eniş platformasını və Zhurong müşahidə aparatını birləşdirir. Missiyanın əsas öhdəliklərinə isə Marsın geoloji struktur xəritəsinin yaradılması, səth layının özəlliklərinin analizi və onun tərkibində buz halında suyun olub-olmadığının öyrənilməsi, planetin səthində olan materialların tərkiblərinin analizi, planetin ionosferinin özəlliklərinin ölçülməsi, elektromaqnit qravitasiya sahələri ilə iqlim məlumatlarının əldə olunması daxildir.
    Linki kopyala