main-post-cover

    Altsheymer xəstəliyinin simptomlarını bir neçə il öncədən təyin edə bilən süni zəka alqoritmi yaradılıb

    Süni İntellekt
    08.02.2021
    Emil Nəcəfov
        İnsanlar Altsheymer xəstəliyinin müalicəsini hələ də tapa bilməyiblər. Lakin bu xəstəliyin ilkin simptomplarının orqanizmdə aşkar edilməsi ilə onun mənfi nəticələrini aşağı salmaq mümkündür. IBM şirkəti Altsheymer xəstəliyinin ilkin simptomplarının ortaya çıxmasından bir neçə il öncə onları təyin etməyi bacaran süni zəka alqoritmi yarada bilib. Hətta müasir tibb sahəsi də Altsheymer xəstəliyinin ilkin mərhələsini təyin etməkdə çətinlik çəkir. Buna görə də hər hansı bir xəstə şəxsdə bu xəstəliyin ilkin simptomlarının bir neçə il öncə təyin edilməsindən söhbət belə gedə bilməz.
        Lakin IBM tərəfindən yaradılmış yeni süni zəka alqoritmi sözügedən xəstəliyin ilkin simptomlarını bir neçə il öncədən 75% dəqiqliklə təyin edə bilir. Bunun üçün alqoritm 270 nəfər könüllü şəxsin məlumatlarını analiz edib. Bu alqoritmin yaradılması üçün bir neçə il ərzində müxtəlif şəxslərin hekayələri vasitəsilə süni zəkanın təlimatlandırılması lazım gəlib. İnsanlar sadəcə olaraq öz səhhətlərində baş verən dəyişiklikləri şəkillər vasitəsilə əks etdirirdilər. Alqoritm isə müəyyən yaşdan sonra baş verən dəyişiklikləri analiz edirdi.
        Dəyişikliklər arasında hansısa sözlərin təkrar deyilməsi, nitqin səhv tələffüzü, nitq zamanı hansısa sözün ötürülməsi və digər neyrodegenerativ pozğunluqlar olub. Sözügedən təcrübədə tamamilə normal insanlar iştirak ediblər və həkimlər onlarda Altsheymer xəstəliyinin heç bir simptomlarını təyin etməyiblər. Lakin alqoritm simptomları bir neçə il öncədən təyin etməyi bacarıb. Bu isə öz növbəsində nevroloji problemlərin müalicə olunmasında həkimlər üçün geniş imkan yaradır. Tədqiqatçılar əmindirlər ki, bu texnologiya gələcəkdə insanlarda digər xəstəliklərin də ortaya çıxmasını öncədən təyin edə biləcək.
    Linki kopyala