main-post-cover

    Alimlər: 'Süd Yolu qalaktikasında Yer kürəsinə bənzər planetlərin mövcud olma ehtimalı çox azdır'

    Süni İntellekt
    05.10.2022
    Farid Pardashunas
        Bu və ya digər planetdə həyatın yaranması üçün planet ilk növbədə öz ulduzu ətrafında yaşayış zonası (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan zona) üzrə dövr etməlidir. Planet səthində suyun maye şəklində mövcud olmasına şərait yaradacaq hər bir faktor özünü sərgiləməlidir. Həmçinin planet səthində temperatur nə çox isti nə də çox soyuq olmalıdır. Misal olaraq Yer kürəsini gətirən zaman görmək olar ki, bizim planetimizin səthinin 30%-i qurudan ibarətdir. Yerdə qalan hissə isə sudan ibarətdir. Aparılmış yeni tədqiqat onu göstərib ki, Süd Yolu qalaktikasında həyatın mümkün ola biləcəyi münbit şəraitə sahib və Yer kürəsinə bənzəyən planetlərin ümumi sayı yalnız 1% təşil edə bilər. Bununla belə həyatın mümkün ola biləcəyi münbit şəraitə sahib və səthi yalnız qurudan ibarət olan planetlərin ümumi sayı 80%, səthi tamamilə sudan ibarət olan planetlərin ümumi sayı isə 19% təşkil edə bilər.
        “Bizim aparmış olduğumuz kompüter modelləşdirməsinin nəticələri onu göstəriblər ki, Yer kürəsinin ideal kopyası adlandırıla biləcək planetin tapılması demək olar qeyri-mümkündür. Yəni bu cür ehtimal həddindən artıq çox aşağıdır. Belə ki, qalaktikamızda bizim planetə bənzəyən planetlərin ümumi sayı yalnız 1% təşkil edə bilər” - deyə İsveçrənin Beynəlxalq Kosmik Elmlər İnstitutunun alimi Tilman Spohn qeyd edib. Alimlərin sözlərinə əsasən Yer kürəsində quru örtük ilə su örtüyünün (30% və 70%) ideal balansı mövcuddur. Lakin sərt səthə sahib digər planetlərdə bu göstəricilərin böyük hissəsini ya quru ya da su sahəsi təşkil edir. Yer kürəsində bu cür ideal balans təqribi olaraq 2.5 milyard il bundan öncə əldə edilib və bu, planetin daxili prosesləri ilə əlaqəlidir. Alimlər düşünürlər ki, digər planetlərdə bu cür proseslər daha tez baş verib və nəticədə planetlər ya tamamilə quru ya da su səthinə sahib olublar.
        Lakin Yer kürəsinə bənzər planetlərin mövcudluğuna dair kiçik bir ehtimal var. Həyat üçün münbit şəraitə və tamamilə quru və ya su səthinə sahib planetlərin kompüter modelləşdirilməsi onu göstərib ki, həmin planetlərdə Yer kürəsinə bənzər iqlim şəraiti mövcud ola bilər. Həmin planetlərdə ola biləcək həyat forması isə Yer kürəsindəki həyat formasından az fərqlənə bilər. “Eyni zamanda bu planetlər arasındakı flora və fauna fərqi diqqət çəkəcək səviyyədə ola bilər. Məsələn səthinin 10%-dən az sahəsi quru ilə əhatə edilmiş planetdə ilıq, nəm tropik iqlim şəraiti mövcud olacaq. Lakin səthinin 20%-dən az sahəsi su ilə əhatə edilmiş planetdə soyuq və quru iqlim şəraiti mövcud olacaq” - deyə Tilman Spohn qeyd edib. Lakin aparılmış yeni tədqiqatın nəticələri Toronto Universitetinin alimlərinin fikirləri ilə üst-üstə düşmür. Belə ki, Toronto Universitetinin alimləri düşünürlər ki, quru sahəsi çox olan planetlərdə iqlim şəraiti əksinə isti olmalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər