main-post-cover

    9-cu planetin axtarışında: Astronomlar Neptun planetinin arxasında yeni gizli kosmik obyekt aşkar ediblər

    Süni İntellekt
    18.02.2022
    Emil Nəcəfov
        Richard Boyle adlı astronom Arizona ştatında yerləşən Vatican Advanced Technology Telescope (VATT) teleskopu vasitəsilə Neptun planetinin arxasında yeni transneptun obyekt aşkar edib. Aşkar edilmiş yeni transneptun obyektə 2021 XD7 adı verilib. Sözügedən obyekt Günəş ətrafında tam dövrü 286 ilə reallaşdırır. Richard Boyle-nin fikrincə həmin obyektin ölçüsü Plutondan daha kiçikdir. Bu yeni kəşf Günəş sistemində hələ aşkar edilməmiş 9-cu planetin kəşf edilməsi yolunda daha bir addım irəliləməyə imkan verir. Alimlər güman edirlər ki, 9-cu planet Günəş sisteminin kənarında yerləşir. İndiyənə kimi aşkar edilmiş 800-dən çox transneptun obyekt siyahısına daxil olan Pluton kimi 2021 XD7 adlı obyekt də Yer kürəsi, Mars və digər planetlərdən fərqli olaraq daha əyilmiş orbitə sahibdir.
        Alimlər ümid edirlər ki, bu yeni transneptun obyekt 9-cu planetin kəşf edilməsində yardımçı olacaq. Astronomların fikirlərinə əsasən Günəş sisteminin uzaq obyektlərinə hələ kəşf edilməmiş 9-cu planetin qravitasiya gücü təsir göstərir. Kaliforniya Texnologiya İnstitutundan olan alimlər güman edirlər ki, həmin planetin ölçüsü Yer kürəsində 4 dəfə, kütləsi isə 10 dəfə daha böyük olmalıdır. Məhz bu cür böyük ölçülər Neptunun arxasındakı obyektlərin uçuş trayektoriyalarına aydınlıq gətirə bilərlər. Güman olunur ki, gizli qalan 9-cu planet nəhəng orbitə sahibdir və nəticədə o, Günəş ətrafında tam dövrü 10.000 və ya 20.000 ilə reallaşdırır.
        Keçən il astronomlar bildirmişdilər ki, Günəş sistemində daha bir planet Günəşdən 75 milyard km uzaqlıqda yerləşə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Pluton ilə Günəş arasındakı məsafə 4.4-7.4 milyard km təşkil edir. Alimlərin sözlərinə əsasən 9-cu planetin dəqiq yerini təyin etmək üçün daha çox transneptun obyekt kəşf etmək lazımdır. Bu işdə gələn il istifadəyə veriləcək Vera Rubin rəsədxanası yardımçı ola bilər. Əgər 9-cu planet həqiqətən də mövcuddursa, o, çox güman ki, Günəş sisteminin kənar sərhədlərində Koyper qurşağının arxasında yerləşir.
    Linki kopyala