Yerli startap Buglance toxum mərhələsini 500.000 dollar investisiya ilə yekunlaşdırdı

27.05.2019 0 PAYLAŞIM 1885 OXUNMA

    Ötən il bir neçə dəfə "pre-seed" (ilkin toxum yatırım) mərhələsində invesitisya yüksəldən Buglance startapı Techstars akselerasiya proqramının "Demoday" finalını bitirdikdən sonra toxum mərhələsini 500.000 dollarlıq investisiya ilə yekunlaşdırdığını elan edib. Bu barədə Technote.az saytına açıqlamasında şirkətin rəhbəri Toğrul Səməd bildirib.

    Hələ ötən ilin Yanvar ayında Softmills-dən investisiya alan şirkət daha sonra ümumilikdə 200.000 dollar investisiya əldə etdiyi elan etmişdi. Tətbiqlərdə "Bug"ların (xətaların) aşkarlanması üzrə ixtisaslaşmış və bazaryeri modelinə əsaslanan Dubay mərkəzli Buglance, Techstars proqramından sonra 70% xarici və 30% yerli olmaqla 500.000 dollar məbləğində investisiya cəlb etməyi bacarıb. Xarici vençur fondlar arasında əsas pay bu turda Techstars, 500 StartupsGinco Investments-ə məxsusdur. İnvestisyanın digər hissəsi isə yerli və xarici mələk investorlar tərəfindən edilib. 

"Biz daha bir Seed mərhələdə növbəti 500.000-lik investisiyanı hədəfləyirik. Bunu Seed 1 və Seed 2 olaraq adlandırırıq, çünki şərtlər fərqlidir. Əgər Seed 1 mərhələsində bizim şirkətin erkən dəyərləndirməsi 5.000.000 dollar idisə, ikinci mərhələdə bu 7-10 milyon dollar arası dəyişəcək" - Toğrul Səməd Technote.az -a açıqlamasında bildirib.

    Şirkət hal-hazırda illik 1.000.000 dollarlıq satış rəqəminə çıxmağı planlayır. Şirkət A seriyalı investisiya raunduna keçid etmək üçün məhz bu il sonuna qədər 1 milyon dollarlıq satış rəqəmlərinə çatmalıdır.

" Biz düşünürük ki, bu məhsula böyük tələb var. Hal-hazırda müştərilərimiz arasında Birləşmiş Ərəb Əmirliklərindən olan bir neçə dövlət qurumu və böyük holdinqlər var. Təbii ki, satışla yanaşı biz xidmətimizin daha keyfiyyətli olması üçün tətbiqimizin daha da inkişaf etdirilməsinə fokuslanırıq". - Toğrul Səməd sözlərinə əlavə edib.

    Startap hal-hazırda 15 nəfərlik komandadan ibarətdir və şirkətin əsas məqsədi rəqəmi elə bu vəziyyətdə saxlamaq, alınan investisiya ilə əməliyyat xərclərini azaldıb alqoritmik yöndən tətbiqi inkişaf etdirərək böyük bir bazaryeri yaratmaqdır.

    Hal-hazırda startap "bug"lar-ın aşkarlanması üzrə 30.000-dən çox "tester"ə (bugları tapıb, şikayət edən istifadəçilər) sahibdir. 4000-dən çox fərqli cihazlı istifadəçiyə sahib olan platformada nə az nə çox bugünə qədər 194689 bug tapılıb. Qeyd edək ki, Buglance-ın əsas həll etdiyi problem bazara yeni daxil olan mobil tətbiqlərin test olunması və həmin tətbiqlərdə xətaların (bug) aşkarlanaraq tətbiq sahibinə bilidirilməsi və bunun qarşılığında pul qazanmaqdır. Bu platformanın köməyi ilə qeydiyyatdan keçmiş "tester"lər (xəta axtaran şəxslər) platfromaya yerləşdirilən tətbiqi kobud dildə desək yoxlayır. Nəticədə,  tapılmış hər xətaya görə, "tester"ə pul ödənilir.