main-post-cover

    Startap kosmosda data mərkəzlərin yaradılması üçün 100 milyon dollar əldə etdi

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    21.12.2018
    Emil Nəcəfov
        Los Ancelesdən olan Cloud Constellation adlı startap Yer kürəsinin orbitində məlumatların saxlanması və emalı üçün nəzərdə tutulmuş serverlər şəbəkəsinin yaradılması üçün 100 milyon dollar investisiya əldə edib. Bu barədə CNBC saytı xəbər verib. Startapın investoru kimi Çinin Haier Group adlı məişət texnikası istehsalçısının daxilində fəaliyyət göstərən HCH Group şirkəti çıxış edib. İnvestisiya raundu nəticəsində Cloud Constellation startapının bazar dəyərinin hansı səviyyədə qiymətləndirilməsi barəsində məlumat verilməyib.
        2015-ci ildə təsis edilmiş Cloud Constellation Yer kürəsinin orbitinə SpaceBelt adlı peyklər qrupunu göndərməyi planlaşdırır. Şirkətlər isə həmin peyklərdə öz məlumatlarını saxlaya və peyk şəbəkəsi vasitəsilə onları əldə edə biləcəklər. Bu cür data mərkəzlər Yer kürəsinin səthində yerləşən data mərkəzlərdən fərqli olaraq məlumat sızıntıları və kiberhücumlara daha dözümlü olacaqlar. Ən azından startapın kommersiya direktoru Dennis Gatens belə düşünür.
        İlk öncə şirkət 16 peykdən ibarət şəbəkənin yaradılmasını planlaşdırırdı. Bu ilin əvvəlində şirkətin CEO-su Cliff Beek bildirmişdi ki, şirkət 12 peykin yaradılması üçün 200 milyon dollar investisiya cəlb etmək niyyətindədir. İndi isə şirkət bildirib ki, peyklərin sayı 8-ə endirilib. Həmin peyklərdən 3-ü məlumatların saxlanması üçün nəzərdə tutulacaq və onların ümumi yaddaş həcmi 5 PB (petabayt) olacaq. Bu isə 5000 TB-dır (terabayt).
        Peyklərin hazırlanması ilə kimin məşğul olacağı barəsində şirkət heç bir məlumat verməyib. Dennis Gatens sadəcə olaraq bildirib ki, şirkət hal hazırda bir sıra peyk istehsalçıları ilə danışıqlar aparır. Bundan əlavə olaraq Cloud Constellation-un xidmətlərinin hansı qiymətə satılacağı barəsində də məlumat verilməyib. Lakin şirkət bildirib ki, onun artıq potensial müştəriləri mövcuddur.
    Linki kopyala