main-post-cover

    Meta-ya məxsus olan Oculus şirkətinə qarşı antimonopoliya istintaqına start verilib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    19.01.2022
    Farid Pardashunas
        ABŞ Federal Ticarət Komissiyası (FTC) və bəzi ABŞ ştatları Meta-ya məxsus olan Oculus şirkətinə qarşı istintaqa start veriblər. Güman olunur ki, Oculus şirkəti antimonopoliya qanunvericiliyini pozub. VR cihazlar və onlar üçün nəzərdə tutulmuş tətbiqlər bazarının böyük olmamasına baxmayaraq metakainat (metaverse) sahəsinə üstünlük verən Meta şirkəti artıq VR sahəsində monopoliyanın yaradılmasında şübhəli bilinir. FTC öz növbəsində VR cihazlar üçün nəzərdə tutulmuş tətbiqlərin tərtibatçıları arasında sorğu keçirib. FTC-nın aparmış olduğu sorğuların əsas məqsədi bu cür tərtibatçıların yaratdıqları proqram təminatlarındakı funksiyaların Meta şirkətinin öz məhsullarında yaratdığı funksiyalar ilə üst-üstə düşdükləri halda şirkətin həmin tərtibatçıları diskriminasiya edib-etməməsini öyrənməkdir.
        Bundan əlavə olaraq FTC Oculus şirkətinin qiymət siyasəti və satış strategiyası barəsində də maraqlanır. Məsələn HTC və digər şirkətlərin VR cihazlarının baha qiymətə satıldıqları bir vaxtda Oculus Quest 2 VR cihazının qiyməti sadəcə 300$ təşkil edir. FTC tərəfindən aparılan antiomonopoliya istintaqı Mark Zuckerberg-in metakainat yaratmaq üzrə planlarını ləngidə bilər. Sorğuda iştirak etmiş tərtibatçılar bildiriblər ki, Meta Oculus üçün oyun və müxtəlif servislər yaradanlara qarşı öz imkanlarından istifadə edir. Onların sözlərinə əsasən şirkət ən perspektivli layihələri kopyalayır və bəzi tətbiqlərin işlərini çətinləşdirir. Yur adlı şirkət bildirib ki, o, 2019-cu ildə Oculus üçün fitnes treker funksiyasını yerinə yetirən tətbiqi istifadəyə vermişdi.
        Lakin Oculus üçün sonradan çıxmış sistem yenilənməsi nəticəsində tətbiqin işində ləngimələr baş verməyə başladı. Daha sonra isə Meta şirkəti eyni funksiyalara sahib Oculus Move tətbiqini istifadəyə verdi. Guy Godin adlı tərtibatçı isə stolüstü kompüterdəki kontenti VR cihaza ötürməyə imkan verən tətbiqi istifadəyə vermişdi. 2019-cu ildə tərtibatçı öz tətbiqinə yeni funksiya əlavə etmişdi və həmin funksiya kompüterdəki oyunun Oculus Quest-ə streaming edilməsinə şərait yaradırdı. Həmin funksiyanın istifadəyə verilməsindən sonra şirkət tərtibatçını tətbiqi silməkdə hədələmişdi.
        Daha sonra buna bənzər funksiya Oculus Link platformasında istifadəyə verildi. Qeyd etmək lazımdır ki, FTC tərəfindən aparılan istintaqın maraq dairəsini təkcə şirkət ilə tərtibatçılar arasındakı məsələ əhatə etmir. Counterpoint Research şirkətinin hesabatlarına əsasən 2021-ci ilin birinci rübündə dünyanın bütün VR satışlarının 75%-i məhz Oculus-un payına düşmüşdü. 2020-ci ildə isə bu göstərici 34% təşkil etmişdi. Smartfonlarda olduğu kimi VR sistemlər üçün nəzərdə tutulmuş tətbiqlər Oculus Quest Store servisi üzərindən yayılır. Sözügedən servis üzərindən edilən bütün tranzaksiyalardan isə 30%-lik komissiya tutulur. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər