main-post-cover

    Kənd təsərrüfatı startapları üçün akselerasiya proqramına qəbul başladı

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    17.01.2019
    Orxan Jafarli
        8 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən reallaşdırılacaq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı”nın təqdimat mərasimi keçirilib.
        Tədbirdə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova çıxış edərək nazirlik tərəfindən aqrar sahədə innovasiyaların tətbiqi üzrə müxtəlif tədbirlərin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, reallaşdırılan tədbirlər sırasında cari ildə ilk olaraq "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı"nın həyata keçirilməsinə başlanılıb, bu istiqamətdə 5-20 yanvar tarixləri üçün proqrama qəbul elan olunub.
        Eyni zamanda Şəbnəm Məmmədova diqqətə çatdırıb ki, aqrar sahədə innovasiya və yeni texnologiyaların tətbiqi üzrə startaplara başqa istiqamətlərdə də dəstəyin göstərilməsi nəzərdə tutulur.
        “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov mərkəz tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən startaplara dəstək mexanizmlərindən bəhs edib. Qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramı" aqrar startapçıların innovativ ideyalarının reallaşması üçün əlverişli şərait yaradacaq.
        Görüş tərəflər arasında gələcək əməkdaşlıq prespektivləri, həmçinin kənd təsərrüfatı sahəsində ideya sahiblərinə digər dəstək və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi istiqamətində müzakirələr ilə davam etdirilib.
        “INNOLAND” Azərbaycanda, eyni zamanda onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. INNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir.
    Seçim üçün əsas tələblər aşağıdakılardır:
    1. Komanda ən azı 2 nəfərdən ibarət olmalıdır. Komanda üzvlərindən ən azı 1 nəfər akselerasiya proqramında daimi iştirak etməlidir.
    2. Akselerasiyada daimi iştirak edəcək komanda üvzi ingilis dili bilməlidir. Qalan komanda üvzlərinin ingilis dili bilməsi üstünlük hesab ediləcək.
    3. Təqdim olunan məhsul/xidmət aydın şəkildə təsvir olunmalıdır.
    4. Məhsulun prototipi təqdim olunmalıdır.
    5. Məhsul müəyyən bazar seqmentinə aid olmalıdır.
    6. Qısa formada biznes plan təqdim olunmalıdır.
    7. Kənd təsərrüfatı ixtisasında kvalifikasiyanız və ya kənd təsərrüfatı sahəsində təcrübəniz üstünlük hesab ediləcək.
    8. Müvafiq sahə üzrə təqdim olunan biznesin fəaliyyətə başlamasından təxminən 1 il keçməlidir.
    9. İxrac bazarını araşdırmalı və yeni bazarlara daxil olmaq üçün hazırlıqlı olmalısınız.
    10. Təqdim olunan layihələr ixrac bazarlarını təmin edən/genişləndirən eləcə də əlavə dəyərli məhsulları/xidmətləri gücləndirən istiqamətdə olmalıdır.
    Proqram Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
    Müraciət üçün: office@innoland.az
    Ətraflı məlumat: (012) 444-74-33
    Linki kopyala