main-post-cover

    Elon Musk Twitter ilə məhkəmə prosesində sosial şəbəkənin keçmiş direktoru Jack Dorsey-nin iştirakını istəyir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    24.08.2022
    Emil Nəcəfov
        Elon Musk aprel ayında tərəflər arasında razılaşdırılmış şərtlər çərçivəsində Twitter-in alınmasından imtina etməyə çalışır. Bu istiqamətdə Musk-ın vəkilləri məhkəmə üzərindən Twitter-in keçmiş direktoru Jack Dorsey-nin prosesdə iştirak etməsini tələb ediblər. Onlar Jack Dorsey-dən Musk ilə arasında sosial şəbəkənin alınması və fake istifadəçi hesablarının ümumi sayı ilə bağlı olmuş yazışmaları və sənədləri təqdim edilməsini istəyirlər. Jack Dorsey keçən ilin noyabr ayına kimi Twitter-in direktoru vəzifəsində çalışmışdı. Bu ilin may ayında sosial şəbəkənin direktorlar şurasını tərk etmişdi.
        Musk-ın vəkilləri onun Dorsey ilə olmuş yazışmaları məhkəmə prosesində istifadə etmək niyyətindədirlər. Bu üsul ilə onlar Musk-ın mövqeyini daha tutarlı etmək istəyirlər. Bundan əlavə olaraq bu üsul ilə Musk-ın vəkilləri Dorsey-dən Twitter-in gündəlik aktiv istifadəçi kütləsinin statistikası barəsində məlumatları əldə etməyə çalışacaqlar. Musk-ın fikrincə sosial şəbəkənin öz ümumi platformasındakı fake istifadəçi hesablarının ümumi sayı barəsində təqdim etmiş olduğu məlumat həqiqəti əks etdirmir.
        Buna görə də o, Twitter-in 44 milyard dollara alınması fikrindən daşınmaq niyyətindədir. Musk və Dorsey Twitter-in ümumi inkişaf yolundakı bəzi məsələlərdə ortaq fikirlər səsləndiriblər. Aprel ayında Musk Twitter-i almağı düşünən zaman məhz Dorsey ilə bu məsələ ilə bağlı məsləhətləşib. Dorsey isə öz növbəsində dəfələrlə qeyd edib ki, Musk sosial şəbəkə üçün yeganə ən yaxşı qərardır. Qeyd etmək lazımdır ki, Musk ilə Twitter arasında məhkəmə prosesi oktyabr ayında baş tutacaq və həmin ayda da yekunlaşacaq.
    Linki kopyala