main-post-cover

    Elon Musk Twitter-i almaqdan imtina etdiyini rəsmi şəkildə elan edib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    10.07.2022
    Farid Pardashunas
        Son zamanlarda ortaya çıxmış məlumatların həqiqətə uyğun olduqları təsdiqləndi. Belə ki, Elon Musk 44 milyard dollara Twitter-in alınması fikrindən imtina etdiyini elan edib. Buna səbəb kimi isə o, tərəflər arasında əldə edilmiş razılaşmanın bəzi şərtlərinin pozulmasını qeyd edib. Bu elandan sonra Twitter səhmlərinin dəyərləri 5% düşüb, Tesla şirkətinin səhmlərinin dəyərləri isə 2.5% yüksəlib. Musk tərəfindən bu müqaviləyə rəhbərlik etmiş vəkil Mike Ringler-in ABŞ Dəyərli Kağızlar və Birjalar Komissiyasına (SEC) göndərmiş olduğu məktubda qeyd edilib ki, Twitter öz razılaşma öhdəliklərini yerinə yetirməyib. Məktubda qeyd edilib ki, Twitter razılaşmaya əsasən Musk tərəfindən tələb edilən məlumatları təqdim etməyib. Qeyd etmək lazımdır ki, Musk-ın daha öncəki bəyanatına əsasən o, Twitter-in sosial şəbəkədəki istifadəçi kütləsinin yalnız 5%-nin fake hesablardan və botlardan ibarət olduğu məlumatının həqiqəti əks etdirib-etdirmədiyini yoxlamaq istəyir. “Twitter bu məlumatı təqdim etməyib və ya təqdim etməkdən imtina edib. Bəzi hallarda Twitter cənab Musk-ın sorğularına cavab verməyib, bəzi hallarda əsassız şəkildə həmin sorğuları rədd edib, bəzi hallarda isə istifadəsi mümkün olmayan məlumatları təqdim edib” - deyə Musk-ın vəkili qeyd edib.

    Mike Ringler həmçinin məktubda bildirib ki, Twitter özünün alınması barəsində razılaşmanı pozub. Belə ki, həmin razılaşma üçün lazımi məlumatlar tam şəkildə təqdim edilməyiblər.

        Bu ittihamlar Musk-ın Twitter-dəki fake hesablar ilə botların dəqiq saylarının təyin edilməsi üzrə keçirtmiş olduğu ilkin yoxlamaya əsaslanırlar. Twitter isə bildirib ki, sosial şəbəkədə olan fake hesablar ilə botların ümumi saylarını açıq şəkildə mövcud olan məlumatlar vasitəsilə təyin etmək mümkün deyil və sosial şəbəkənin mütəxəssisləri tərəfindən aparılmış araşdırma onu göstərib ki, həmin hesabların ümumi sayı 5% təşkil edir. “Bu məsələdə araşdırma davam etsə də, bütün əlamətlər ona işarə edirlər ki, Twitter-in öz aktiv istifadəçi kütləsi barəsindəki bəzi bəyanatları ya yalandırlar ya da ki, tamamilə səhv fikirlər yaradırlar” - deyə Mike Ringler qeyd edib. Bundan əlavə olaraq Musk-ın vəkili bildirib ki, sosial şəbəkə Musk-ın razılığını əldə etmədən öz strukturunda dəyişikliklər edərək razılaşmanın şərtlərini pozub. Belə ki, bir neçə müddət bundan öncə sosial şəbəkə müəyyən sayda işçinin işdən azad edilməsini elan etmişdi. Beləliklə Musk-ın bu müqavilədən rəsmi şəkildə imtina etməsinə baxmayaraq sözügedən məsələ tez bir zamanda yekunlaşmayacaq. Twitter öz növbəsində Musk-ı müqavilənin bağlanmasına məcbur edə və ya daha böyük miqdarda təzminat əldə edə bilər.

    Bunun üçün sosial şəbəkə Musk-ı məhkəməyə verməli və onun fake hesablar ilə botlar barəsindəki fikirlərinin müqavilədən imtina üçün yetərli səbəb olmadıqlarını sübuta yetirməlidir.

        Twitter-in rəsmi bəyanatına əsasən o məhz bu yol ilə gedəcək və məhkəmə vasitəsilə müqavilənin ilkin şərtlər əsasında bağlanmasına nail olmağa çalışacaq. Twitter-in direktorlar şurasının sədri Bret Taylor bunları söyləyib: “Twitter-in direktorlar şurası müqavilənin Musk tərəfindən razılaşdırılmış şərtlər və qiymət əsasında yekunlaşdırılmasında maraqlıdır və bunun reallaşdırılması üçün hüquqi vasitələrdən istifadə etməyi planlaşdırır’. Reuters saytının bu məsələdə ekspertlər arasında keçirtmiş olduğu sorğuya əsasən Musk ilə Twitter çox güman ki, uzunmüddətli məhkəmə prosesində iştirak edəcəklər. Daha öncəki praktikalar onu göstərirlər ki, bu cür məsələlər müqavilənin alıcı üçün daha sərfəli şərtlər əsasında bağlanması və ya zərərçəkmiş tərəfin daha böyük miqdarda təzminat alması ilə yekunlaşırlar. Onu da qeyd etmək lazımdır ki, Musk tərəfindən ödənilməsi düşünülən 1 milyard dollar dəyərindəki təzminatdan söhbət belə gedə bilməz.

    Belə ki, Musk müqavilədən öz təşəbbüsü ilə imtina edir. Musk həmin məbləği yalnız o halda ödəməlidir ki, müqavilə Musk-dan asılı olmayan səbəblərə görə bağlana bilməsin.

        Buna misal olaraq müqavilənin bağlanması üçün nəzərdə tutulmuş vəsaitin tam yığılmamasını və ya müqavilənin ilkin şərtlərinin nizamlayıcı orqanları qane etməməsini gətirmək olar. Məlumata əsasən bu məsələni əhatə edəcək məhkəmə prosesinə yaxın həftələrdə start veriləcək. Yekun qərarın isə bir neçə ay ərzində verilməsi gözlənilir. Müstəqil hüquqşünasların fikirlərinə əsasən, olacaq məhkəmə prosesində Twitter-in mövqeyi Musk-ın mövqeyindən daha güclü görünür. Belə ki, sosial şəbəkə öz istifadəçi kütləsi barəsində məlumatları təqdim etmək üçün əlindən gələni edib və həmin məlumatların keyfiyyətlərinin Musk-ı qane etməməsi sadəcə olaraq onun öz problemidir. Musk sosial şəbəkənin alınması barəsində danışıqlar aparan zaman onun bir səhminin 54.20$-dan alınmasını razılaşdırmışdı. İndi isə Twitter-in səhmlərinin dəyərləri həmin göstəricidən 36% daha aşağıdır. Musk aprel ayında Twitter-in böüyk həcmdə səhmlərini almışdı. İndi isə onun bu səhmlərlə nə edəcəyi bilinmir. Ola bilsin ki, Musk tərəfindən atılan bu addımlar sosial şəbəkənin bazar dəyərinin aşağı salınması üçündür. Bu halda Musk sosial şəbəkəni 44 milyard dollara deyil, daha ucuz qiymətə ala bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər