main-post-cover

    Çin hökuməti Alibaba Group holdinqinə qarşı antimonopoliya istintaqına start verib

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    24.12.2020
    Emil Nəcəfov
        Çinin bazar üzrə idarəetmə orqanı Alibaba Group holdinqinə qarşı rəsmi istintaqa start verdiyini elan edib. Bu barədə South China Morning Post saytı xəbər verib. Çinin antimonopoliya üzrə orqanı düşünür ki, holdinq elektron kommersiya satıcılarını öz məhsullarını yaymaq üçün yalnız bir platformadan istifadə etməyə məcbur edib. Söhbət Alibaba Holdinq-ə məxsus eksklüziv satış kanalından gedir.
        Qeyd etmək lazımdır ki, Alibaba Holdinq 1999-cu ildən internet kommersiya sahəsində fəaliyyət göstərir. Bu holdinq Alibaba.com, AliExpress.com, Taobao.comTmall.com kimi platformalara sahibdir. Bundan əlavə olaraq Çinin mərkəzi bankı Alibaba Group-un tərkibində olan Ant Group şirkətinin rəhbərlərini bank və sığorta işləri ilə məşğul olan maliyyə məsələləri üzrə nizamlayıcı şəxslərlə görüşdə iştirak etməyə çağırıb. Ant Group Çinin ən böyük ödəniş servisi olan Alipay-in sahibidir.
        Noyabr ayının əvvəlində şirkət Honkonq və Şanxay birjalarında IPO-ya çıxmağı planlaşdırırdı. Nəticədə şirkət IPO sayəsində 34.4 milyard dollar investisiya əldə edə bilərdi. Birjalardakı hərracların başlamasına 2 gün qalmış şirkət öz IPO sorğusunu geri çəkdi. The Wall Street Journal-da olan məlumatlara əsasən bu, Alibaba Group-un təsisçisi Jack Ma ilə Çin Xalq Respublikasının sədri Xi Jinping arasındakı əlaqələrin gərgin olması ilə bağlıdır. Antimonopoliya istintaqının elan olunması fonunda Alibaba Group holdinqinin səhmlərinin qiymətləri aşağı düşüb.
    Linki kopyala