main-post-cover

    Apple Google servislərini iOS-dən sıxışdırıb çıxartmaq niyyətindədir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    26.01.2023
    Emil Nəcəfov
        Apple şirkəti öz mobil əməliyyat sistemini Google tərəfindən təqdim edilən funksiyalardan azad etmək üçün ciddi addımlar atmağa başlayıb. Google xidmətlərinin iOS mobil ekosistemində əvəzlənməsi hər 3 istiqamətdə aparılır: Kartoqrafiya və geolokasiya servisləri, axtarış xidmətləri və reklam siyasəti. Google şirkəti 2000-ci illərdə Android platformasını əldə edəndən sonra o, Apple şirkətinin rəqibinə çevrildi. Həmin illərdə Apple şirkətinin CEO-su olmuş Steve Jobs Android-i oğurlanmış məhsul adlandırırdı. Belə ki, sözügedən əməliyyat sistemi iOS-i imitasiya edirdi. Nəticədə Apple 2009-cu ildə Google CEO-su olmuş Eric Schmidt-i öz direktorlar şurasından çıxartmaqla Google şirkətinə qarşı müharibə elan etdi. Həmin vaxtdan iki böyük şirkət arasındakı rəqabət səs-küylə davam etməsə də, Apple şirkətinin 2 keçmiş mühəndisinin sözlərinə əsasən Apple hələ də Google-dan acıqlıdır. Onların sözlərinə əsasən Apple hələ də Google-a qarşı gizli müharibə aparır. Bu istiqamətdə şirkət iPhone-lar üçün nəzərdə tutulmuş yeni funksiyaların hazırlanması ilə məşğuldur. 

    Söhbət, Apple şirkətinin öz iPhone smartfonlarını Google tərəfindən təqdim edilən xidmətlərdən azad edə biləcək funksiyalardan gedir.

        Hələ 2012-ci ildə Apple şirkəti Maps tətbiqini təqdim etmişdi. Bu tətbiq iPhone-larda standart olan Google Maps tətbiqini sıxışdırıb çıxartmaq üçün nəzərdə tutulmuşdu. Lakin Apple Maps-də olmuş çoxlu sayda səhvlər onun Google Maps ilə lazımi səviyyədə rəqabət aparmasına mane oldular. Qeyd etmək lazımdır ki, son 10 il ərzində Apple şirkətinin Maps tətbiqi olduqca yaxşılaşdırılıb. Apple həmçinin axtarış xidmətləri sahəsində də dəyişiklikləri planlaşdırır. Artıq son bir neçə il ərzində ortaya çıxan məlumatlara əsasən Apple şirkət daxilində Apple Search adlı servis üzərində çalışır. Bu servisin tarixi 2013-cü ildən start götürür. Həmin ildə şirkət Topsy Labs adlı startapı almışdı. Bu startap zamanında Twitter-də axtarış və analitikanın təmin olunması üçün onun indekslənməsi ilə məşğul olmuşdu. Daha sonra Apple 2019-cu ildə süni zəka sahəsində fəaliyyət göstərmiş Laserlike adlı startapı aldı.

    Bu startap Google şirkətinin keçmiş əməkdaşları tərəfindən təsis edilmişdi və onun əsas məqsədi internetdə olan istənilən mövzu barəsində yüksək keyfiyyətli məlumatların və müxtəlif nöqteyi nəzərlərin təqdim edilməsində idi.

        Analitiklərin sözlərinə əsasən Apple 1.2 milyard iPhone istifadəçisi üçün standart olaraq quraşdırılan Google Search-dən imtina etməklə axtarış xidmətləri bazarındakı payını sürətlə genişləndirə bilər. Lakin bu cür addım Apple şirkətinə baha başa gələcək. Belə ki, Google Search-un iOS-də standart axtarış xidməti qalması müqabilində Google Apple şirkətinə hər il 8-12 milyard dollar vəsait ödəyir. Apple Google şirkətinə ən böyük zərbəni online reklam bazarında vura bilər. Qeyd etmək lazımdır ki, Google şirkətinin sahibi olan Alphabet holdinqi öz gəlirinin 80%-ni məhz online reklam bazarı vasitəsilə əldə edir. Məlumata əsasən Apple şirkəti yeni reklam şəbəkəsi yaradır və həmin şəbəkə reklamların iPhone istifadəçilərinə çatdırılması üsulunu dəyişəcək. Bununla belə Apple bu məsələdə istifadəçilərin konfidensial məlumatlarını reklam brokerlərinə təqdim etməyəcək. Keçən ilin sentyabr ayında Apple şirkətinin bu istiqaməti üzrə rəhbəri Keith Weisburg təyin edilmişdi. Keith Weisburg isə öz növbəsində daha öncə 10 il ərzində Google və Youtube-da çalışıb. 
    Linki kopyala