main-post-cover

    ABŞ hökuməti Xiaomi-yə qarşı olan sanksiyaları ləğv edir

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    12.05.2021
    Emil Nəcəfov
        Donald Trump ABŞ prezidenti vəzifəsindən ayrılmamışdan öncə onun Ağ Evdəki administrasiyası Xiaomi-ni Çinin hərbi qüvvələri ilə əməkdaşlıqda günahlandıraraq onu qara siyahıya salmışdı. Nəticədə amerikalı investorlar şirkətə investisiya yatırmaq imkanından məhrum olmuşdular. Xiaomi isə bu cür qərar ilə razılaşmayaraq ABŞ məhkəməsinə müraciət etmiş və qəbul edilmiş sanksiyaların ləğvini tələb etmişdi. Məhkəmənin ilkin qərarına əsasən ABŞ hökuməti bu məsələdə əsaslı sübutlar təqdim etməyib və Xiaomi-yə qarşı sanksiyaların tətbiq olunmasında qərəzli çıxış edib.
        Məhkəmə prosesi hələ yekunlaşmasa da tərəflər onu sülh yolu ilə bağlamağa hazırdırlar. Xiaomi və ABŞ-ın Müdafiə Nazirliyi məhkəmə prosesi barəsində bəyanat təqdim ediblər. ABŞ-ın Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş bəyanatda etiraf edilib ki, Xiaomi-nin qara siyahıya salınması üzrə prosessual problemlər var və nazirlik Xiaomi-ni bu siyahıdan çıxarmağa hazırdır. Bunu Xiaomi-nin qələbəsi hesab etmək olar. Burdan da belə qənaətə gəlmək olar ki, Donald Trump administrasiyası şirkəti belə bir məsələdə günahlandıran zaman heç bir əsaslı sübut yığmaq niyyətində də olmayıb. Nəticədə “Bizim sözümüzə inanmalıdırlar” prinsipi bu dəfə işə yaramadı. 
    Linki kopyala