main-post-cover

    2025-ci ilə qədər hər ikinci avtomobil qismən avtopilot sisteminə sahib olacaq

    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    01.12.2022
    Emil Nəcəfov
        BloombergNEF mütəxəssisləri avtonom nəqliyyat növləri bazarını əhatə edən yeni tədqiqat aparıblar və aparılmış tədqiqat çərçivəsində onlar belə bir nəticəyə gəliblər ki, ləng inkişaf tempinə baxmayaraq bu bazar yaxın illərdə diqqət çəkəcək yüksəlişi sərgiləmək üçün yaxşı perspektivlərə sahibdir. Mütəxəssislərin fikirlərinə əsasən bu bazarın inkişaf tempini artıracaq əsas faktorlardan biri də avtonom şəkildə hərəkət edən taksilərin daha çox regionda istifadəyə verilməsini asanlaşdıran texnologiyaların inteqrasiyası olacaq. Mütəxəssislər tərəfindən aparılmış yeni tədqiqatda pilotsuz avtomobillərin istifadəsi ilə taksi servislərinin kommersiya məqsədli istifadələrinə start vermiş bəzi şirkətlərin adları qeyd edilib. Bu məsələdə ən böyük uğurları qazanmış şirkətlərdən biri də Waymo-dur. Sözügedən şirkət ABŞ-da öz pilotsuz taksi servisinin çalışdığı regionları tədricən genişləndirməyə davam edir. Həmçinin Cruise şirkətini də qeyd etmək lazımdır. Bu şirkət San Fransiskoda pilotsuz taksi servisini artıq istifadəyə verib.
        Çin bazarında eyni uğurlara Baidu şirkəti sahibdir. O, sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş pilotsuz avtomobilləri artıq Çinin bəzi şəhərlərində istifadə edir. BloombergNEF-in qiymətləndirməsinə əsasən sürücüyə yardım üzrə aparıcı sistemlərin qlobal bazarı 2030-cu ilə qədər 220 milyard dollara kimi böyüyəcək. Analitiklərin heablamalarına əsasən 2025-ci ilə qədər dünyada satılan bütün sərnişin avtomobillərinin ümumi həcminin 50%-ni ikinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər təşkil edəcəklər. Gözləntilərə əsasən ikinci səviyyəli avtopilot sisteminə sahib avtomobillərin satışlarının pik səviyyəsi 2028-ci ilə təsadüf edəcək. Belə ki, gözləntilərə əsasən 2028-ci ildə 53 milyon ədəd bu cür avtomobilin satışı reallaşdırılacaq. Üçüncü səviyyəli avtopilot sisteminə sahib avtomobillərə gəldikdə isə onların satışlarının pik səviyyəsinin 2033-cü ilə təsadüf edəcəyi gözlənilir.
        Analitiklərin hesablamalarına əsasən 2033-cü ildə üçüncü səviyyəli avtopilot sisteminə sahib avomobillərin satışlarının ümumi həcmi 50 milyon ədəd avtomobil təşkil edəcək. Həmin vaxta kimi dördüncü və beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər bazarın artıq az bir payını əldə edəcəklər. Lakin daha aşağı səviyyəli avtopilot sistemlərinin daha geniş yayılması öz növbəsində daha təkmilləşdirilmiş avtpilot sistemlərinin yaradılması üçün nəzərdə tutulmuş komponentlərin qiymətlərini aşağı salacaq. Buna görə də müəyyən müddətdən sonra dördüncü və beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər də məşhurlaşmağa başlayacaqlar
        Sürücüyə yardım sistemlərinin sistematik şəkildə yayılması öz növbəsində təchizatçılar üçün geniş bazarın yaranmasına gətirib çıxardacaq. BloombergNEF-in proqnozlarına əsasən 2026-cı ilə qədər ikinci səviyyəli avtopilot sistemlərinin satışlarının ümumi həcmi ildə 70 milyard dollar təşkil edəcək. Bu cür optimistik bəyanatlara baxmayaraq BloombergNEF-in fikrincə bu məsələdə istehsalçıların öz öhdəliklərini yerinə yetirməmələri və gözləntilərdən daha çoxunu söz vermələri onlara mənfi təsir göstərə bilərlər. Bu əsasən avtopilot üçün nəzərdə tutulmuş kritik vacib proqram təminatlarının hazırlanması sahəsini əhatə edə bilər. Məsələn avtopilot sisteminə sahib avtomobillər barəsindəki bəyanatları səbəbilə Tesla şirkəti ABŞ-da dövlət orqanları tərəfindən yoxlanılır. 
    Linki kopyala