main-post-cover

    Telegram-da premium abunəlik: Premium istifadəçilər hansı üstünlüklərə sahib olacaqlar?

    Sosial Media
    02.05.2022
    Emil Nəcəfov
        Telegram-ın yaradıcısı Pavel Durov messencerin monetizasiyası üçün əlavə üsulların axtarışını davam etdirir. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə bu istiqamət üzrə messencerdə reklam elanlarının yerləşdirilməsi imkanı yaradılmışdı. İndi isə növbəti addım kimi messencer daxilində ödənişli abunəliklərin istifadəyə verilməsi planlaşdırılır. İstifadəçilər isə öz növbələrində ödənişli abunəliklər vasitəsilə eksklüziv imkanlar əldə edəcəklər. Məlumatda qeyd edilib ki, ödənişli abunəliklər barəsində ilk məlumatlar Telegram-ın iOS üçün nəzərdə tutulmuş 8.7.2 nömrəli beta versiyasında aşkar edilib. Lakin premium abunəliyi aktivləşdirmək hələ mümkün deyil.
        Hal hazırda Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək eksklüziv imkanların yalnız bəziləri haqqında məlumat var. Belə ki, premium istifadəçilər xüsusi animasiyalı stikerlər göndərə biləcəklər və həmin stikerləri qəbul edəcək istifadəçilərin cihazlarının ekranlarında stikerlər bütün ekran boyu işə düşəcəklər. Bundan əlavə olaraq premium istifadəçilərin adları qarşısında ulduz işarəsi əks olunacaq. Həmin ulduz işarəsi istifadəçinin premium abunəliyə sahib olduğunun sübutu olacaq. Premium istifadəçilərə daha hansı imkanların təqdim ediləcəyi barəsində məlumat yoxdur. Keçən il Pavel Durov qeyd etmişdi ki, Telegram tərtibatçıları premium abunəlik sistemi üzərində çalışırlar və ödənişli abunəliyə qoşulacaq istifadəçilərə reklam elanları göstərilməyəcək.
    Linki kopyala