main-post-cover

    Sosial platformaların 6 saatlıq çöküşü: Problem nədə idi?

    Sosial Media
    05.10.2021
    Emil Nəcəfov
        Dünən axşam saatlarında istifadəçilər Facebook, Instagram, Whatsapp platformalarında və Oculus-un VR servislərində nasazlıqların yaşandığı barədə şikayət etməyə başladılar. Twitter, Google, Amazon, TikTok kimi alternativ servislərdə də problem yaşandığı üçün vəziyyət daha da pisləşdi. Belə ki, Facebook, Instagram, Whatsapp platformalarının çalışmamaları səbəbilə istifadəçilər alternativ variantlara keçid edirdilər. Qlobal rəqəmsal çöküşün əsas səbəbi DNS nasazlığı olub. Sosial platformaların bərpa olunmalarından öncə məlumat ortaya çıxdı ki, Facebook servislərinə məxsus olan məlumatlar routerlərin qlobal yönləndirmə lövhəsindən siliniblər. Faktiki olaraq Facebook və onunla bağlı olan hər bir şey internetdən silinmişdi. Cloudflare şirkətinin məlumatına əsasən Facebook şəbəkəsinin çökməsindən öncə routerlərin qlobal yönləndirmə sisteminin mərkəzləşmiş yenilənməsi üzrə uğursuz cəhdə bənzər aktivlik müşahidə edilib. Nəticədə Facebook serverləri arasındakı bağlantı itib və DNS sistemindəki xidmət prosesi dayanıb.

    New York Times-ın jurnalisti Ryan Mac-ın sözlərinə əsasən servislərə təkcə adi insanların yox həmçinin Facebook əməkdaşlarının da daxil ola bilməmələri vəziyyəti daha da qəlizləşdirib.

        Belə ki, şirkət əməkdaşları uzun müddət ərzində xidməti alətlərdən istifadə edə bilməyiblər. Bura həmçinin Workplace adlı daxili platforma və ünsiyyət üçün nəzərdə tutulmuş şirkətdaxili digər vasitələr aiddirlər. Bundan əlavə olaraq şirkət əməkdaşları birbaşa şirkətin data mərkəzlərinə göndəriliblər ki, onlar problemi fərdi şəkildə həll etsinlər. Lakin bu mərhələdə də problemlər yaşanıb. Belə ki, verilmiş məlumata əsasən veb servislərin və daxili xidməti alətlərin serverlərindən əlavə olaraq elektron təhlükəsizlik sistemi də sıradan çıxmışdı. Bu isə öz növbəsində əməkdaşların elektron giriş imkanlarını məhdudlaşdırıb. Facebook, Instagram və Whatsapp-ın çalışmaması səbəbilə istifadəçilər kütləvi şəkildə digər platformalara keçid ediblər.

    Nəticədə Telegram, Twitter, Youtube, Netflix, Tinder və s. kimi servislərdə ciddi yüklənmə problemi müşahidə olunub.

        Təbii ki, yaranmış bu problem Facebook-un maliyyə göstəricilərinə mənfi təsir göstərməyə bilməzdi. Belə ki, Facebook-un CEO-su Mark Zuckerberg bir neçə saat ərzində 6 milyard dollar vəsait itirib və Facebook səhmlərinin qiymətləri aşağı düşüb. Bununla yanaşı ümumi panika çərçivəsində digər İT şirkətlərin də səhmlərinin qiymətlərində düşüş müşahidə edilib. Beləliklə nasazlıqların baş verməsindən 6 saat sonra Facebook-u və digər servisləri bərpa etmək mümkün olub. Lakin buna baxmayaraq bəzi lokal problemlər yaşanmağa davam edirdi.
        Belə ki, istifadəçilər postlara like-ların qoyulmasında problemin yaşanmasından, sosial şəbəkənin sisteminin daha ləng çalışmasından şikayətlənirdilər. Görünür, sosial platformaları əvvəlki vəziyyətə qaytarmaq üçün bir qədər zaman lazım olacaq. Facebook rəsmi şəkildə bildirib ki, qlobal rəqəmsal çöküşün səbəbi routerlərin ayarlarındakı səhv dəyişikliklər olub. Bununla belə şirkət hacker hücumunu və istifadəçilərin məlumatlarının məqsədyönlü şəkildə oğurlanma cəhdini təkzib edir.
    Linki kopyala