main-post-cover

    #4noyabr rəsmi səhifəsi 'hack' edildi! (AÇIQLAMA)

    13.10.2017
    Farid Pardashunas
        #4noyabr Facebook səhifəsi bu gecə "hack" edilib. Səhifə oktyabrın 12-dən 13-nə keçən gecə kimliyi hələ məlum olmayan şəxslər tərəfindən ələ keçirilib. Belə ki, bu gecədən etibarən adminlər (təşkilatçılar) səhifənin idarəçiliyindən məhrum ediliblər. Yerli marketoloqların heç bir brendə bağlı olmadan təşkil etidiyi #4noyabr viral kampaniyasının Facebook səhifəsində təşkilatçılar mütamadi olaraq yeniliklər və vəd olunan hədiyyələr barədə məlumat paylaşırdılar.
    #4noyabr viral kampaniyasının təşkilatçılardan olan Elgün Namazlı bildirib ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət hazırlayırlar:
        “Bu #4noyabr viral kampaniyasının uğurunu qəbullana bilməməkdir. Eyni zamanda bu bir cinayətdir. Başqa şəxslərin yaratdığı səhifəni gizli yollarla ələ keçirmək və idarə etməyə çalışmaq cinayətdir. İnanırıq ki, hüquq-mühafizə orqanlarının köməyi ilə tezliklə xəkləyənlərin kimliyi məlum olacaq. Təcrübədən görmüşük ki, hüquq-mühafizə orqanlarının ayıqlığı və sayıqlığı nəticəsidə xəkləyənlərin kimliyi tezliklə aşkarlanır.
        Ona görə də bildirmək istəyirik ki, səhifənin idarəçiliyi yenidən bizə qayıdana qədər həmin səhifədə paylaşılan heç bir material üçün məsuliyyət daşımırıq. #4noyabr Azərbaycanda ən çox səs gətirən viral kampaniyadır. Kampaniya iştirakçılarına bildirmək istəyirik ki, müsabiqənin şəffaflığı və gedişatı ilə bağlı narahat olmasınlar, bütün hədiyələrin qeydiyyatı aparılıb, bütün loglar qeydə alınıb. Facebook səhifəsi yalnız hədiyyələri nümayiş etdirmək üçün istifadə olunurdu. Hər kəsi səsləyirik ki, #4noyabr həştəqi ilə sosial şəbəkələrdə paylaşım etməyə davam etsinlər." 
         Xatırladaq ki, bundan əvvəl də #4noyabr kampaniyası ilə bağlı "Facebook"da bir neçə saxta səhifələr açılıb. Bununla bağlı da təşkilatçıların mediada fikirləri səsləndirilib. Qeyd edək ki, #4noyabr Azərbaycanda ilk dəfə heç bir brendə bağlı olmadan yerli marketoloqların birgə komanda şəklində hazırladığı viral kampaniyadır. Kampaniya çərçivəsində #4noyabr həştəqi ilə Sosial Şəbəkələrdə paylaşım edən istifadəçilərdən biri təsadüfi seçiləcək və hədiyyələrlə mükafatlandırılacaq. Müxtəlif biznes qurumları da viral kampaniyaya qoşulub və hədiyyələr vəd ediblər. Mükafatların həcmi 20 min manatdan artıq ölçülür. Azərbaycanda bu tip viral kampaniya heç zaman keçirilməyib, bu ilkdir. 4 Noyabr tarixində nə baş verəcəyi isə gün ərzində saytımızda yayımlanacaq. İzləmədə qalın.
    Linki kopyala