main-post-cover

    'Scale Up' proqramında iştirakla bağlı müraciətlərin qəbulu davam edir

    Sosial Media
    25.12.2019
    Emil Nəcəfov
        “Azərbaycan İşgüzar Qadınları” təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, PAŞA Bank və “PwC Azerbaijan” şirkətinin birgə dəstəyi ilə qadın sahibkarlar üçün nəzərdə tutulmuş və xüsusi olaraq hazırlanmış “Scale Up” proqramında iştirakla bağlı müraciətlərin qəbulu davam edir. 
        “Scale Up” proqramının əsas məqsədi kiçik və orta sahibkarlıqla məşğul olan qadınların bizneslərini genişləndirə və inkişafını sürətləndirə bilmələri üçün lazımi təcrübə ilə təmin edilməsi, həmçinin onların iqtisadiyyatdakı rolunun və təsirinin gücləndirilməsidir. 8 həftə boyunca davam edəcək proqram peşəkar təcrübəyə malik 5 mentor tərəfindən tədris olunacaq. Proqramın iştirakçıları rəqəmsal transformasiya, onun əsas istiqamətləri və əhəmiyyəti, əqli mülkiyyət hüquqları və onun qorunması, korporativ kommunikasiya strategiyaları, resursların düzgün istifadəsi və şəxsi inkişaf kimi mühüm mövzulara toxunan sessiyalardan yararlanmaq imkanı əldə edəcək. Proqram sonunda iştirakçılar dəyişən iqtisadiyyat şəraitində biznesin inkişafı strategiyalarını tərtib və tətbiq edə, liderlik keyfiyyətlərini, həmçinin innovasiya və rəqəmsal transformasiya üçün bacarıqlarını gücləndirə biləcək. 
        Peşəkarlardan yeni bilik və təcrübə qazanılması, eləcə də həmfikirlərlə işgüzar əlaqələrin qurulması baxımından çox əlverişli olan bu proqramda qadın sahibkarlar, təsisçilər və həmtəsisçilər iştirak edə bilər.
        Müraciətlərin qəbulu üçün son tarix dekabr ayının 28-dir.
        Qeydiyyatdan keçmək və ətraflı məlumat əldə etmək üçün aşağıdakı keçidə daxil olun:
        İndi müraciət edin və bu möhtəşəm səyahətin bir hissəsi olmaq fürsətini qaçırmayın!
    Linki kopyala