main-post-cover

    'Azərkosmos' 2020-ci ilin ilk rübünü uğurla başa vurub

    Sosial Media
    20.04.2020
    Emil Nəcəfov
        Bakı, 20 aprel 2020  – “Azərkosmos” dünyada davam edən Koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərinin fonunda 2020-ci ilin birinci rübünü uğurla başa vurub. 
        “Azərkosmos” bu ilin yanvar-mart ayları ərzində telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə ümumi 20 milyon manat həcmində gəlir əldə edib. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 33% çoxdur.
        Gəlirin 88%-i peyk xidmətlərinin ixracından əldə olunub. “Azərkosmos” dünyanın 24 ölkəsinə peyk xidmətlərinin ixracını həyata keçirib və bu ölkələr arasında ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya və BƏƏ böyük üstünlük təşkil edir.
        Ümumilikdə, bu ilin birinci rübü ərzində Koronavirus pandemiyası qlobal səviyyədə əksər sahələrə olduğu kimi peyk xidmətləri bazarına da mənfi təsirini göstərir. Buna baxmayaraq “Azərkosmos” peyk xidmətləri üzrə Fransanın “GORSE & Co”, "Zeppit", İtaliyanın "M-Three Sat", Avstriyanın "Zebrafish",  İspaniyanın “Oasis Networks”, ABŞ-ın “UltiSat”, Hindistanın “Sofstol, “Mediatech PVT”, Rusiyanın "Rusiya Peyk Rabitəsi", “VES-Media”, Afrikanın "Sairtek", “GlobeCast” və "Telly4Africa" şirkətləri ilə yeni müqavilələr rəsmiləşdirib. Yeni müqavilələrə əsasən adı çəkilən şirkətlər “Azerspace-1” və “Azerspace-2” peyklərinin tutumlarından istifadə etməklə telekommunikasiya xidmətləri təqdim edirlər.
        Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan ölkələrin qurumları “Azersky” peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və ekoloji monitorinqdə istifadə ediblər.
        Bununla yanaşı may ayından etibarən “Azərkosmos” Universal Yerüstü Stansiya sayəsində Yaponiyanın “İnfostellar” şirkəti ilə imzaladığı müqavilə əsasında  müxtəlif peyk operatorlarına məxsus peyklərin keçidlərinə imkan yaradacaq.
        “Azərkosmos” ASC haqqında:
        Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir:
        C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.   
    Linki kopyala