main-post-cover

    Aylıq ödənişli Twitter Blue abunəliyi yenidən istifadəyə verilib

    Sosial Media
    11.12.2022
    Farid Pardashunas
        Keçən həftənin sonunda rəsmi məlumat verilmişdi ki, 12 dekabr tarixində Twitter Blue abunəliyi yenidən işə salınacaq. Belə də oldu. Bununla yanaşı aylıq ödənişli abunəlikdə olan yeniliklər barəsində məlumat verilib. Bundan əlavə olaraq keçən həftə məlumat ortaya çıxmışdı ki, iOS istifadəçiləri üçün Twitter Blue abunəliyi ayda 8$ əvəzinə 11$-a başa gələcək. Lakin bu, Twitter Blue-nu sosial şəbəkənin tətbiqi daxilində əldə etmək istəyən iOS istifadəçilərinə şamil olunur. Xüsusi kənar sayt vasitəsilə sözügedən abunəliyi almaq istəyən iOS istifadəçiləri hamı kimi ayda 8$ ödəyə biləcəklər. Bu məlumat öz təsdiqini tapıb. Bütün məsələ Apple şirkətinin App Store platformasındadır. Belə ki, Apple şirkəti App Store-da olan tətbiqlər daxilindəki istənilən tranzaksiyalardan 30%-lik komissiya əldə edir.
        Elon Musk isə Twitter Blue-dan əldə edilən gəlirin müəyyən hissəsini Apple şirkəti ilə bölüşmək istəmir. Buna görə də sosial şəbəkənin tətbiqi daxilində aylıq abunəliyi əldə edəcək iOS istifadəçiləri ayda 11$ ödəməli olacaqlar. Ödəniləcək 11$-ın müəyyən hissəsi məhz Apple şirkətinin 30%-lik komissiyasının təminatı üçün nəzərdə tutulacaq. Twitter Blue abunəçiləri öz növbələrində göy rəngli təsdiq ikonunu əldə edəcəklər. Bununla belə göy rəngli təsdiq ikonunun verilməsi ilə Twitter-in xüsusi komandası məşğul olacaq. Nəticədə Twitter Blue-nu əldə etmiş istifadəçilər göy rəngli təsdiq ikonunu həmin dəqiqə əldə etməyə bilərlər. Şirkətlərin hesabları üçün qızılı rəngdə təsdiq ikonu təqdim ediləcək. Dövlət təşkilatları üçün isə yaxın zamanda boz rəngli təsdiq ikonu təqdim ediləcək.
        Twitter Blue istifadəçiləri öz tweet-lərini redaktə edə və sosial şəbəkəyə 1080p keyfiyyətində videolar yükləyə biləcəklər. Bundan əlavə olaraq öz profil fotosunu dəyişmiş Twitter Blue istifadəçiləri yenidən təsdiqləmə prosesindən keçməli olacaqlar və bu halda onlar müəyyən müddətlik göy rəngli təsdiq ikonundan məhrum olacaqlar. Elon Musk həmçinin təsdiqləyib ki, tweet-lərdəki simvolların sayı 4000-ə yüksələcək. Qeyd etmək lazımdır ki, 2017-ci ilə kimi Twitter-də maksimum 140 simvola sahib tweet-lər paylaşmaq mümkün idi. 2017-ci ildə bu limit 280-ə yüksəldi. İndi isə sosial şəbəkə sözügedən limiti 4000-ə yüksəltməyi planlaşdırır. Elon Musk bunun nə zaman baş verəcəyi barəsində dəqiq bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər