main-post-cover

    Audio və videozənglər Facebook-un mobil tətbiqinə geri qayıdırlar

    Sosial Media
    24.08.2021
    Emil Nəcəfov
        Facebook elan edib ki, o öz əsas mobil tətbiqinə audio və videozəngləri geri qaytaracaq. Lakin bununla yanaşı şirkət qeyd edib ki, sosial şəbəkənin əsas mobil tətbiqinə geri qaytarılacaq audio və videozənglər sadəcə test xarakteri daşıyırlar və hələ ki, çox az sayda istifadəçi üçün aktiv olacaqlar. Bu barədə Bloomberg saytı xəbər verib. Hələ bir neçə il bundan öncə istifadəçilər Facebook tətbiqindən istifadə edərək digərlərinə mesaj göndərə bilirdilər. Lakin 2014-cü ildə şirkət elan etmişdi ki, Messenger tamamilə ayrı bir tətbiq rolunda çıxış edəcək. Həmin vaxt Facebook bildirmişdi ki, daha geniş imkanlara sahib olmaq üçün Messenger müstəqil tətbiqə çevrilməlidir.
        Həqiqətən də həmin vaxtdan Messenger geniş imkanlara sahib ünsiyyət tətbiqinə çevrildi. Audio və videozənglər Facebook tətbiqinə geri dönsələr də, mətnli mesajlar özəlliyi hələ də Messenger üçün eksklüziv olaraq qalacaq. Bir neçə müddət bundan öncə Facebook elan etmişdi ki, Messenger-dəki audio və videozənglərə end-to-end şifrələnmə özəlliyi əlavə edilib. Məlumatda qeyd edilib ki, Facebook tətbiqində audio və videozənglər funksiyası hələ ki, ABŞ istifadəçiləri üçün aktivləşdirilir. Sözügedən funksiyanın digər ölkələrin istifadəçiləri üçün aktiv olub-olmayacağı barəsində məlumat verilməyib.
    Linki kopyala