
Microsoft şirkəti Bing axtarış sistemi daxilində GPT-4 dil modeli əsasında çalışan Bing Chat-dan istifadə təcrübəsinin istifadəçilər arasında yayılmasını istəyir. Buna görə də şirkət Bing Chat-a Share düyməsini əlavə edib. Sözügedən düymə Bing daxilindəki çat-botun təqdim etdiyi cavabları Facebook, Twitter və Pinterest-də paylaşmaq imkanını verəcək. Təbii ki, istifadəçilər bu düymənin istifadəyə verilməsindən daha öncə çat-botun maraqlı cavablarını screenshot fotolar formatında digərləri ilə bölüşürdülər.
Lakin Share düyməsi vasitəsilə bunu etmək daha da asan olacaq. Share düyməsi çat-bot tərəfindən tərtib edilən cavabın sosial şəbəkələrdə paylaşılmasından əlavə olaraq həmin cavaba daimi linkin hazırlanması imkanını da verir. Bu cür linkə klikləyən zaman istifadəçi Bing çatının pəncərəsinə yönləndirilir və həmin pəncərədə bot tərəfindən tərtib edilmiş cavab ilə əlavə ətraflı məlumatlar əks olunur. Bu zaman linkə daxil olmuş istifadəçi hətta linki yaratmış istifadəçinin cavablarını da izləyə bilər.