main-post-cover

    Google öz axtarış sisteminə süni zəka əsaslı çat-botu inteqrasiya edəcək

    Proqram Təminatı
    Servislər
    07.04.2023
    Emil Nəcəfov
        Microsoft-un ardınca Google şirkəti öz axtarış sisteminə süni zəka əsaslı funksiyaları əlavə etməyi planlaşdırır. Bu barədə məlumatı şirkətin CEO-su Sundar Pichai verib. Jurnalistlərlə müsahibə zamanı Sundar Pichai bildirib ki, süni zəka sahəsində nailiyyətlər Google axtarış sisteminin bir çox suallara cavab vermək məsələsində imkanlarını genişləndirəcək. Bununla yanaşı Pichai süni zəka əsaslı çat-botların Google şirkətinin biznesinə qarşı hansısa təhlükələrə sahib olduqları fikrini tamamilə təkzib edib. Google böyük dil modelləri (large language models / LLM) hazırlayanlar arasında artıq uzun zamandır ki, lider şirkətlərdən biridir.
        Google şirkətinin Bard, OpenAI şirkətinin isə ChatGPT kimi çat-botları məhz bu böyük dil modelləri əsasında qurulur. Bununla belə Google süni zəka texnologiyalarını öz məhsullarına inteqrasiya etməyə tələsmir. Lakin yaxın zamanda bu vəziyyət dəyişə bilər. “İnsanlar Google axtarış sisteminə suallar verib axtarış sorğusu kontekstində LLM ilə qarşılıqlı əlaqədə ola biləcəklərmi? Təbii ki” - deyə Sundar Pichai qeyd edib. Microsoft süni zəkla əsaslı çat-botu özünün Bing axtarış sisteminə inteqrasiya edəndən sonra onun istifadəçilər arasında məşhurluğu yüksək sürətlə artmağa başladı.
        Bu səbəbdən də Google son illərdə öz əsas biznesi üçün ən böyük təhlükələrdən biri ilə qarşılaşıb. Bundan əlavə olaraq şirkət investorlar tərəfindən artan təzyiqi də hiss edir. İnvestorlar inflyasiyanın yüksəlməsi səbəbilə şirkətdən xərclərin aşağı salınmasını tələb edirlər. Pichai-nin jurnalistlərə vermiş olduğu müsahibədən ümumilikdə belə qənaətə gəlmək olar ki, Google Microsoft kimi öz axtarış sisteminə süni zəka əsaslı çat-botu inteqrasiya etməyi planlaşdırır. Pichai bildirib ki, hal hazırda şirkət daxilində süni zəka əsaslı bir neçə məhsulun testi aparılır.
    Linki kopyala