main-post-cover

    Google fayl mübadiləsi üçün olan Nearby Share tətbiqinin Windows versiyasını təqdim edib

    Proqram Təminatı
    Servislər
    03.04.2023
    Emil Nəcəfov
        Google şirkəti Nearby Share tətbiqinin Windows üçün nəzərdə tutulmuş beta versiyasını istifadəyə verib. Sözügedən tətbiq smartfon ilə kompüter arasında fayl mübadiləsini rahat şəkildə reallaşdırmaq imkanını verir. Lakin onun çalışması üçün kompüter müəyyən tələblərə uymalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, Nearby Share tətbiqi yalnız 64 bit-lik Windows 10 və ya Windows 11-ə quraşdırıla bilər. Bununla yanaşı ARM prosessorları əsasında çalışan kompüterlərdə sözügedən tətbiq dəstəklənmir. Faylların smartfondan kompüterə və ya əks istiqamətdə ötürülməsi üçün Wi-Fi və ya Bluetooth vasitəsilə qoşulmanı reallaşdırmaq lazım gələcək.
    Goolge
        Faylları kompüterdən smartfona köçürmək üçün onları Nearby Share pəncərəsinə yönləndirmək və ya köçürülməsi planlaşdırılan faylları seçib mouse-un sağ düyməsinə klikləyəndən sonra ortaya çıxan menyuda müvafiq əməliyyatı seçmək lazımdır. Əgər hər iki cihazda bir Google hesabına giriş edilibsə və cihazlar 5 metrdən çox olmama şərti ilə bir-birilərinə yaxındırlarsa, faylların köçürülməsi avtomatik şəkildə reallaşacaq. Nearby Share tətbiqinin Windows versiyası həmçinin internetə qoşulma üçün də istifadə edilə bilər. Bu halda smartfon Wi-Fi qoşulmanı təmin edən nöqtəyə çevriləcək. Nearby Share tətbiqin Windows versiyası hal hazırda ABŞ və bir sıra digər regionlarda beta test mərhələsindədir.
    Linki kopyala