'The Mummy' filmi (İCMAL)
Digər
Oyun və Film
09.06.2017
Farid Pardashunas
Əgər yadınızdadırsa 2014-cü ildə baş rolda Luke Evans-ın
oynadığı “Dracula Untold” filmi çıxmışdı. Həmin film ilə Universal Pictures
studiyası özünün mistik dünyasını yaratmaq istəyirdi. Həmin mistik dünya isə
Dark Universe adlanır. Onun adı həmçinin yeni çıxmış “The Mummy” filminin əvvəlində
də qeyd olunub. Lakin “Dracula Untold” filmi nədənsə uğursuz alındığı üçün
studiya onu Dark Universe-ə daxil etmək fikrindən daşındı və bunu növbəti filmdə
etməyi planlaşdırdı. Bu film isə “The Mummy” idi. Qeyd etmək lazımdır ki, Dark
Universe dünyasına həmçinin Frankenşteyn, gözəgörünməz adam və canavar adam
kimi maraqlı personajlar daxil olacaq. Bu icmalda mən bir neçə dəfə yeni filmi,
1999-cu ildə böyük ekranlara çıxmış “The Mummy” filmi ilə müqayisə edəcəm.
Çünki yeni film, köhnə versiyaya bir çox faktorlar cəhətdən uduzur və fikrimcə
bunun ən əsas səbəblərindən biri də onun Dark Universe dünyasına daxil
olmasıdır. Belə ki, hansısa bir filmin müəyyən uydurulmuş dünyaya daxil edilməsi
nəticəsində həmin filmin daxilində yeni dünya haqqında məlumat verməli olursan.
Bu səbəbdən də filmin əsas mövzusu zərər çəkir və buna görə də öz potensialını
tam olaraq təqdim edə bilmir. Fikrimcə yeni film, Dark Universe-ə daxil olma
planından tamamilə kənar tərzdə çəkilsəydi daha maraqlı bir məhsul alına bilərdi.
Burda həmçinin rejissor bacarığı da vacib rol oynayır. “The Mummy” fiminin yeni
versiyasını Alex Kurtzman ekranlaşdırıb. O isə öz növbəsində təcrübəsi az olan
rejissorlar siyahısına daxildir. Bu filmdə də onun təcrübəsizliyi müəyyən mənada
əks olunub. Artıq qeyd etdiyim kimi yeni film, köhnə versiyaya bir sıra
faktorlar baxımından uduzur. Bu faktorlar siyahısında ümumi filmin abu-havası,
baş obrazlar, mənfi rol obrazı, süjet xəttinin sanki 4 divar daxilində sıxışdırılması
və s. var. Lakin əsas icmala keçməmişdən öncə yeni filmin süjet xətti barədə
qısa bir məlumat verim. Günlərin birində İraqda keçirilən hərbi əməliyyat
zamanı Nick Morton (Tom Cruise) gizli bir məqbərə aşkar edir. O öz dostu Chris
(Jake Johnson) və arxeoloq Jenny Halsey (Annabelle Wallis) ilə birlikdə həmin məqbərəyə
daxil olurlar. Nəticədə onlar 3000 yaşı olan bir sarkofaq aşkar edirlər. Məlum
olur ki, onun daxilində faraonun qızı Ahmanet-in (Sofia Boutella)
mumiyalaşdırılmış cəsədi var. Sonradan Ahmanet dirilir və bütün dünyanı ələ
keçirtməyə çalışır.
Deməli yeni filmin ilk mənfi cəhətlərindən biri onun
abu-havasıdır. Əgər yadınızdadırsa 1999-cu ildə çıxmış “The Mummy” filmində qədim
Misir abu-havası var idi və bu abu-hava adama xüsusi zövq verirdi. Lakin yeni
film bu abu-havadan tamamilə məhrumdur. Keçmiş filmdə hadisələr Misirin müxtəlif
yerlərində cərəyan edirdi. Lakin yeni versiyada Misir epizodları nəinki yalnız
flashback səhnələrdə çıxış edir, həmçinin Londonda hadisənin davamı ümumiyyətlə
yersiz görünür. Yəni hadisələr ümumilikdə bir yerdə cərəyan edir. Bu baxımdan
filmin süjet xətti, 4 divar arasında sıxışdırılma problemindən əziyyət çəkir.
Vizual effektlər yaxşı şəkildə reallaşdırılıb. Baxmayaraq ki, filmdə maraqlı
vizual effektlər azdır, ən azından bu işin öhdəsindən normal şəkildə gəlinib.
Lakin buna baxmayaraq daha çox maraqlı səhnələri görmək istəyərdim. Baş
personajların mumiya ilə ilk qarşılaşmaları ümumiyyətlə heç xoşuma gəlmədi.
Keçmiş filmdə personajların Imhotep-lə ilk qarşılaşmalarını yadınıza salın. Həmin
səhnələr mükəmməl şəkildə reallaşdırılmışdı. Imhotep diriləndən sonra
insanların üzərinə çəyirtkələri və qəribə qara rəngdə qurdları göndərmişdi.
1999-cu ildəki kompüter qrafikasının indiki kimi inkişaf etmədiyini nəzərə
alsaq həmin epizodlar o dərəcədə mükəmməl şəkildə çəkilmişdi ki, indiyənə kimi
həmin səhnələr yaddaşlardadır. Ümumilikdə Imhotep-in mumiyalaşdırılma və dirilmə
proseslərini yadımıza salaq. İlk öncə onun dilini kəsib sonra sarğıya bürüyüb
sarkofaqa yerləşdirmişdilər. Hələ bu az deyilmiş kimi onun üzərinə həmin qara
qurdları da tökmüşdülər. Lakin yeni hissədə belə bir effektli mumiyalaşdırma səhnəsi
yoxdur. Imhotep-in dirilməsi də çox maraqlı tərzdə baş vermişdi. Baş
personajlar Ölülər kitabını oxuyandan sonra o dirilmişdi. Lakin yeni versiyada
Ahmanet-in hətta dirilmə prosesi belə məntiqsiz və effektli deyil. Keçmiş filmlərdə
bizi özünə sevdirən müəyyən bir şarm və qaranlıq abu-hava var idi və həmin
qaranlıq abu-hava izləyicini qorxudurdu. Ümumilikdə Tom Cruise-un canlandırdığı Nick Morton, tipik və heç nədən qorxmadan irəli
gedən hərbçi obrazıdır. Ondan nəsə artıq bir şey gözləməyə ehtiyac yoxdur.
Keçmiş filmə nəzər salsaq görərik ki, aktyor Brendan Fraser-in canlandırdığı
personajın tək xarizması nəyə desən dəyər. Arxeoloq qadın Jenny isə ümumiyyətlə
heç nəyi ilə yadda qalmır. Nick-in öz dostu Chris ilə olan söhbətləri fikrimcə
çox mənasız və qıcıqlandırıcı alınıb. Məni həmin söhbətlər film boyu
qıcıqlandırırdı. Bəlkədə onlar filmdə ümumiyyətlə olmamalı idilər. Filmdə yadda
qalan isə Russel Crowe-nun canlandırdığı professor Henry Jekyll obrazı və
mumiyanın özüdür. Russel Crowe ümumiyyətlə istənilən filmə öz rəngarəngliyini
qata bilən aktyorlardan biridir. Onun filmdəki obrazı haqqında danışmaq istərdim.
Lakin bu spoiler olduğu üçün onun barəsində heçnə deyə bilməyəcəm. Bu filmin
ilk məlumatları arasında mumiyanı məhz qadın canlandıracağını biləndə bir qədər
təəccüblənmişdim. Əslində yeni filmdə mumiya öz qorxutmaq qabiliyyəti və ya
xarizması ilə deyil, cazibədarlığı ilə yadda qalır. Bəli gözəl aktrisa Sofia
Boutella hətta mumiya obrazında belə, gözəl və cazibədar görünür. Lakin bütün
bunlara baxmayaraq o, keçmiş filmdə olmuş Imhotep personajından geri qalır.
Aktyorluq qabiliyyətinə gəldikdə isə Sofia, mumiya obrazında ümumiyyətlə heç
bir aktyorluq qabiliyyəti sərgiləmir. Sanki çəkiliş meydançasında ondan bu
xüsusiyyət heç tələb olunmurdu. Görünür gözəllik və cazibədarlıq əsas faktorlar
deyil. Filmdə olan zarafatların bir çox hissəsi fikrimcə yerində işlədilməyib.
Bəli keçən filmdədə zarafatlar var idi. Lakin onlar lazım olan yerdə işlədilirdi.
Yeni filmin bəzi anlarında bu prinsip işləyir, bəzi anlarında isə işləmir.
Vizual effektlər vasitəsilə canlandırılmış digər mumiyalar isə “World War Z” filmindəki
zombiləri xatırladır. Yeni filmdə daha çox mumiya görmək istərdim amma bu baş
vermədi.
Bütün bu mənfi cəhətlərin fonunda film heç yadda qalmır.
1999-cu ildə təqdim olunmuş film indiyənə kimi sevilir və ona dəfələrlə təkrar-təkrar
baxırlar. Lakin yeni filmi izlədikdən 2-3 gün sonra o sizin yadınızdan çıxacaq.
Keçmiş filmdə əsas personajların kiçik də olsa tarixçələri var idi. Biz əsas
personajların həyat yolunu və müəyyən vəziyyətə necə gəldiklərini bilirdik.
Lakin yeni filmdə bunların heç biri yoxdur. Filmin ortasında mövzu, Dark
Universe mövzusuna inteqrasiya edən zaman isə filmin əsas süjet xətti bundan zərər
çəkir. Sanki ssenaristlərin ideyaları ssenari yazan zaman tükənmişdi. Buna görədə
onlar fikirləşdilər ki, gəlin Dark Universe mövzusunu salaq və əsas mövzu ilə
bir təhər birləşdirərik. Lakin məsələ burasındadır ki, həmin bir təhər prinsipi
o dərəcədə bərbad reallaşdırılıb ki, filmin əsas süjet xətti tamamilə yaddan
çıxır və izləyici tamamilə başqa bir mövzuya fokuslanır. Dark Universe mövzusu
fikrimcə bu filmdə tamamilə lazımsız bir faktordur. Əgər o olmasaydı və filmin əsas
süjet xəttinə daha çoxlu diqqət ayrılsaydı nəticədə maraqlı bir film alına bilərdi.
Lakin müasir Hollywood-da hər bir studiyanın, Marvel və ya DC Comics kimi öz
dünyalarını yaratmaq istəməsi heç də hər zaman uğura aparan ideya deyil. Yekun
nəticə olaraq qeyd etmək lazımdır ki, yeni “The Mummy” filmi nə öz abu-havası
ilə, nədəki maraqlı süjet xətti ilə keçmiş filmi geridə qoya bilmir. Bəlkədə
yeni filmi sadəcə olaraq gözəl aktrisa Sofia Boutella-nın xətrinə baxmaq olar.
Çünki qadın timsalında canlandırılmış ən cazibədar və gözəl mumiya rolu məhz
Sofia Boutella-ya məxsusdur. Qeyd etmək lazımdır ki, filmi IMAX formatında izləməyi
məsləhət görürəm. Vizual effektlər az olsa da, onları və digər action səhnələri
IMAX formatında izləmək mənə bir başqa zövq verdi. Əgər filmi IMAX formatında
izləmək istəyirsinizsə, onda ParkCinema IMAX kinoteatrına bunu edə bilərsiniz.
Filmin seansları haqqında ətraflı məlumatları isə ParkCinema-nın saytından əldə
etmək mümkündür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)