LG iki ədəd LG G8 ThinQ modeli və 5G dəstəkli LG V50 ThinQ 5G modelini təqdim etdi (MWC 2019)

TEXNOLOGİYA


25.02.2019 0 PAYLAŞIM 2323 OXUNMA


  

        LG şirkəti MWC 2019 sərgisində 3 flaqman smartfon modelini təqdim etdi. Söhbət, LG G8 ThinQ, LG G8s ThinQ LG V50 ThinQ 5G modellərindən gedir. Təqdim olunmuş LG G8 ThinQ modellərinin əsas özəllikləri sırasında yenilənmiş ekran, 3 ədəd biometrik identifikasiya üsulu və qulaqlıqlarsız qeyri-adi stereosəs reallaşdırması var. 5G şəbəkə dəstəkli LG V50 ThinQ modeli isə geniş həcmli batareyanı, flaqman Snapdragon prosessorunu və təkmilləşdirilmiş kamera özəlliklərini əldə edib.

LG G8 ThinQ:

    Yeni modelin dizaynı keçən ilki LG G7 ThinQ modelinin dizaynına bənzəsə də o, bir sıra vacib dəyişiklikləri özündə birləşdirir. Birincisi smartfon 19.5:9 nisbətli 3120x1440 piksel keyfiyyətli 6.1 düym OLED ekrana sahibdir. Ekranın özü isə Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. LG G8 ThinQ modeli keçən ilin sonunda Qualcomm tərəfindən təqdim edilmiş 8 nüvəli Snapdragon 855 prosessoru əsasında hazırlanıb. Bununla yanaşı smartfon Adreno 640 qrafik sürətləndirici, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (2 TB-a kimi microSD dəstəkli), Quick Charge 3.0 sürətli enerji yğma özəllikli və naqilsiz şarj texnologiyası dəstəkli 3500 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.


    Kameralara gəldiksə isə LG G8 ThinQ smartfonu arxa paneldən 3 kamera moduluna sahibdir: 12 MP (f/1.5 diafraqma, optik stabilizasiya, faza avtofokusu) + genişformatlı 16 MP (f/1.9 diafraqma və 107 dərəcəlik bucaq təsviri) + 12 MP (teleobyektiv, f/2.4 diafraqma və ikiqat optik zoom). Smartfonun fotoçəkiliş özəllikləri arasında gecə çəkilişi, 10 fotonu bir təsvirə birləşdirmək rejimi və portret rejimində videoçəkiliş var. Keçən ilki modeldən fərqli olaraq LG G8 ThinQ smartfonunun ön kamerası da dəyişikliklərə məruz qalıb. Belə ki, ön kameradan əlavə olaraq smartfon həmçinin ToF modulu da əldə edib. ToF modulu kontaksız Air Motion idarəetmə sistemi zamanı jestlərin təyin edilməsindən başqa həmçinin Hand ID adlı əlavə biometrik identifikator qismində də çıxış edir.

    Bu identifikator üsulu zamanı ToF moduldakı olan infraqırmızı şüalar istifadəçinin əlindəki venanı təyin edərək smartfonu blokdan çıxardır. Bununla yanaşı smartfonun arxa panelində standart barmaq izi skanı texnogiyası, ön panelində isə Face Unlock texnologiyası da var. Beləliklə LG G8 ThinQ modeli ön paneldən 8 MP (f/1.7 diafraqma) + 3D ToF ikili kamera ilə təchiz olunub. Smartfonun gövdəsi həmçinin IP68 standartı üzrə tozdan və sudan qorunma özəlliyini özündə birləşdirir. LG G8 ThinQ smartfonunun əsas özəlliklərindən biri də odur ki, o, Crystal Sound texnologiyasına sahibdir. Bu texnologiya isə öz növbəsində OLED ekranın səthini əlavə səsgücləndiriciyə çevirir. Beləliklə smartfon həmçinin səsi ekran vasitəsilə də istifadəçiyə ötürə bilir. Smartfon LG UX interfeysli Android Pie əməliyyat sistemi vaitəsilə çalışır.

LG G8s ThinQ:


    Şirkət öz təqdimatında həmçinin LG G8 ThinQ modelinin bir qədər sadələşdirilmiş versiyası LG G8s ThinQ modelini də təqdim etdi. Bu smartfon adi LG G8 ThinQ-dən o qədər də fərqlənmir. Fərqləndirici özəlliklər yalnız bəzi texniki göstəricilərə aiddir. Həmin fərqləndirici texniki özəlliklər isə bunlardır: 18.7:9 nisbətli 2248x1080 piksel keyfiyyətli 6.2 düym AMOLED ekran, 64/18 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 12 MP (f/1.5 diafraqma, OIS, PDAF) + 13 MP (genişformatlı kamera modulu) + 12 MP (f/2.4 diafraqmalı teleobyektiv, ikiqat zoom və PDAF) üçlü arxa kamera və Quick Charge 3.0 sürətli enerji yığma özəllikli və naqilsiz şarj texnologiyalı 3550 mAh enerji tutumlu batareya. LG G8s ThinQ modeli də LG UX interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır.

LG V50 ThinQ 5G:

    LG şirkəti LG G8 ThinQ flaqman seriyasından əlavə olaraq özünün ilk 5G şəbəkə dəstəkli LG V50 ThinQ 5G smartfonunu təqdim etdi. Bu smartfon keçən ilki LG V40 modelinin davamçısıdır və özünəməxsus özəlliyi var. LG V50 ThinQ 5G smartfonu 19.5:9 nisbətli 3120x1440 piksel keyfiyyətli 6.4 düym AMOLED ekran, Snapdragon 855 prosessoru, Adreno 640 qrafik sürətləndirici, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 12 MP (f/1.5 diafraqma, OIS, PDAF) + 12 MP (teleobyektiv, f/2.4 diafraqma, ikiqat zoom, OIS, PDAF) + genişformatlı 16 MP (f/1.9 diafraqmalı) üçlü arxa kamera, 8 MP (f/1.9 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı) ikili ön kamera, Quick Charge 3.0 sürətli enerji yığma özəllikli və naqilsiz şarj texnologiyası dəstəkli 4000 mAh enerji tutumlu batareya, barmaq izi skanı texnologiyası və Face Unlock ilə təchiz olunub.


    Smartfonun gövdəsi IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə sahibdir. LG V50 ThinQ 5G smartfonu LG UX interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Sözügedən smartfonun əsas özəlliklərindən biri də onu iki ekranlı smartfona çevirməyin mümkün olmasıdır. Belə ki, Dual Screen adlı xüsusi keysi LG V50 ThinQ 5G-yə qoşmaqla əlavə olaraq 2160x1080 piksel keyfiyyətli 6.2 düym OLED ekran əldə etmək mümkün olur. Şirkət təqdim etdiyi smartfonların qiymətləri və satış tarixləri barəsində heç bir məlumat verməyib. Həmin məlumatlar bir qədər sonra təqdim ediləcək.


Qeyd edək ki, MWC 2019 yayımlarımızın sponsoru Kontakt Home mağazalar şəbəkəsidir.