main-post-cover

    Xiaomi 13-ün satış qiymətləri ortaya çıxıb

    Cihazlar+
    05.12.2022
    Emil Nəcəfov
        8 dekabr tarixində Xiaomi şirkəti Xiaomi 13 smartfon seriyasını və digər yeni məhsullarını təqdim edəcək. İndi isə internetdə Xiaomi 13 smartfonlarının yeni reklam posterləri və satış qiymətləri barəsində məlumatlar ortaya çıxıb. Ortaya çıxmış yeni reklam posterlərdən birində adi Xiaomi 13 modeli, digərində isə adi Xiaomi 13 ilə Xiaomi 13 Pro-nun arxa panelləri əks olunublar. Birinci fotoda görmək olar ki, adi Xiaomi 13 modeli ekran ətrafı minimal qalınlığa sahib çərçivələr ilə seçiləcək. Bununla yanaşı onun ekranının yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntı yerləşəcək. Birinci foto həmçinin adi Xiaomi 13 modelinin yastı gövdə dizaynına sahib olacağnı da təsdiqləyir. İkinci fotoda əvvəldə də qeyd edildiyi kimi hər iki smartfonun arxa paneli əks olunub. Həmin foto öz növbəsində onu sübut edir ki, Xiaomi 13 Pro modeli kənarları əyilmiş dizaynda reallaşdırılmış gövdəyə sahib olacaq. Yəni onun ekranı yastı olmayacaq.
        Həmçinin sözügedən smartfonların satış qiymətləri də ortaya çıxıb. Ortaya çıxmış satış qiymətlərindən belə qənaətə gəlmək olar ki, Xiaomi 12 modellərindən fərqli olaraq Xiaomi 13 modelləri bir qədər baha qiymətə satılacaqlar. Bu həm adi Xiaomi 13 modelini həm də Xiaomi 13 Pro modelini əhatə edəcək. Satış qiymətləri barəsində ortaya çıxmış məlumatda qiymət göstəriciləri Çinin yuan valyutasında qeyd edilib. Burdan da belə qənaətə gəlmək olar ki, söhbət, Çin bazarı üçün nəzərdə tutulmuş satış qiymətlərindən gedir. Lakin nəzərə almaq lazımdır ki, qlobal bazarda da bu smartfonlar eynilə baha qiymətə satılacaq. Beləliklə yeni məlumatlara əsasən adi Xiaomi 13-ün 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiyası 615$-a satılacaq.
        Qeyd etmək lazımdır ki, adi Xiaomi 12-nin start qiyməti 580$-dan başlayırdı. Sözügedən modelin 8 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası 655$-a, 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası 700$-a, 12 GB RAM-a və 512 GB yaddaşa sahib versiyası isə 770$-a satılacaq. Xiaomi 13 Pro modelinə gəldikdə, onun 8 GB RAM-a və 128 GB yaddaşa sahib versiyası 755$-a, 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası 855$-a, 12 GB RAM-a və 512 GB yaddaşa sahib versiyası isə 925$-a satılacaq. Qeyd etmək lazımdır ki, bu satış qiymətləri Xiaomi tərəfindən təsdiqlənməyib. Satış qiymətləri barəsində rəsmi məlumatlar məhz 8 dekabr tarixindəki təqdimat tədbiri çərçivəsində məlum olacaq.
    Linki kopyala