main-post-cover

    Technote Barcelonada Mobil Dünya Konqresində iştirak edir - MWC 2022

    Cihazlar+
    01.03.2022
    Farid Pardashunas
        Hər ilin Fevral ayında İspaniyanın Barcelona şəhərində keçirilən, dünyanın ən böyük texnologiya konfransı və sərgilərindən biri hesab olunan Mobil Dünya Konqresi 2 illik fasilədən sonra yenidən doğma ünvanına qayıdır. 2 ildir dünyada baş verən pandemiya səbəbilə ardıcıl təxirə düşərək, onlayn formatda keçirilən Konqres 2021-ci ilin yayında fiziki formatda keçirilməsinə baxmayaraq, bu dəfə daha geniş miqyasda böyük texnologiya nəhənglərinin iştirakı ilə keçirilir. Qeyd etmək lazımdır ki, 2021-ci ilin yayında keçirilən konfransa koronavirusun yeni ştamı səbəbilə bir çox böyük şirkətlər qatılmamışdı.
        28 Fevral - 3 Mart 2022-ci il tarixlərində keçirilməsi planlaşdırılan bu nəhəng texnologiya konfransında Samsung, Huawei, OPPO, Xiaomi, Microsoft, Intel, Meta kimi məşhur brendlər iştirak edir. Qeyd edək ki, SonyLenovo bu il konfransa onlayn olaraq qoşulacaqlarını öncədən bildiriblər. Tədbirə rəsmi dəvət alan komandamız Azərbaycan mediası olaraq bu tədbiri və burada təqdim olunan yeni texnologiyaları işıqlandırmaq üçün Barcelonadadır. Tədbirdə iştirakımızın səfər sponsoru Kontakt Home, səfərimizin rəqəmsal tərəfdaşı isə Azercell-dir.
        Təqribən 60.000-ə yaxın insanın fiziki və hibrid formada iştirak etdiyi Mobil Dünya Konqresinin bu ilki əsas mövzusu 5G, təkmilləşmiş süni zəkalar, bulud həlləri, Fintech, və hər şeyin internetidir. ABŞ, Cənubi Koreya və Avropa şirkətlərindən fərqli olaraq bu konfransın sərgi zallarında daha çox Çin brendlərinin aktivliyi müşahidə olunur. Koreya nəhəngi Samsung şirkəti Galaxy S22 xəttinin smartfonlarını yeni təqdim etdiyi üçün bu konfransda yeni smartfon təqdim etmədi. Əvəzində konfransa bir gün qalmış Samsung Galaxy Book 2 ProGalaxy Book 2 Pro 360 olmaqla iki ədəd yenilənmiş noutbuklarını təqdim etdi. Həmin noutbuklar barədə ətraflı videonu aşağıdakı icmaldan izləyə bilərsiniz.
        Eyni zamanda Samsung tədbirin əsas sponsorlarından biri olaraq böyük və qapalı bir stendlə diqqətləri üzərinə çəkib. Stenddə Galaxy ailəsinin və Samsung ekosisteminin bütün cihazları sərgilənir. Bazarda əsas rəqibi olan Apple isə heç bir konfransda iştirak etməmə prinsipini qoruyaraq, bu konfransda yer almır. 
        Mobil Dünya Konqresinin birinci günündə haqqında danışdığımız digər bir cihaz isə çinli istehsalçı OPPO-nun 24 Fevral tarixində təqdim etdiyi yeni flaqman seriyası oldu. OPPO Find X5 Pro, seqmentinin güclü smartfonlarından biri olaraq bu sərgidə öz yerini alıb. Smartfon yüksək texniki göstəriciləri ilə diqqət çəksə də qiyməti ilə sevənlərini təəccübləndirib. 1300 avro qiyməti ilə satışa çıxan cihaz qlobal bazarda Snapdragon, Çin bazarında isə MediaTek prosessoru ilə təqdim olunur. Cihaz haqqında detallı məlumatı aşağıdakı videomuzdan ala bilərsiniz.
        Telekom bizneslərinin isə bu sərgidə əsas hədəfi 5G texnologiyası ilə çalışan cihazları sərgiləmək və bu cihazların mobil sürətinə diqqətləri çəkməkdir. Telekom sektorundan olan digər brendlər isə metadünya və həmin dünyada mobil internetin ön planda olmasını sərgiləyən stendlər hazırlayıblar. Boston Dynamics-in Spot və Xiaomi-nin CyberDog robotlarının yer aldığı tədbir hazırda davam etməkdədir. 
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər