main-post-cover

    Samsung Galaxy S21 flaqman smartfon seriyası təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    14.01.2021
    Farid Pardashunas
        Samsung şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində Galaxy S21, S21+S21 Ultra smartfonlarını təqdim edib. Yeni Galaxy S21 modelləri hamıya tanış olan yeni dizayn, təkmilləşdirilmiş kameralar, flaqman texniki göstəricilər və digər özəlliklər əldə ediblər. Galaxy S21 və S21+ modelləri ön panel cəhətdən əvvəlki Galaxy S modellərindən heç fərqlənmirlər. Lakin arxa panel cəhətdən onlar bir qədər fərqlənirlər. Belə ki, şirkət bu yeni smartfonların arxa panellərindəki kameraların dizaynını dəyişib. Bu iki model öz aralarında ekran ölçüsü və batareya həcmi ilə fərqlənirlər. Galaxy S21 modeli Full HD+ keyfiyyətli 6.2 düym Dynamic AMOLED 2X ekranı, Galaxy S21+ isə 6.7 düym Dynamic AMOLED 2X ekranı ilə təchiz olunub.
        Hər iki smartfonun ekranı 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Bununla yanaşı şirkət yeni smartfonların ekranlarında göy rəngin tənzimlənməsi üçün süni zəka texnologiyasından istifadə edir. Bu isə istifadəçilərin gözlərinin yorulması ehtimalını aşağı salır. Digər Galaxy smartfonlarında olduğu kimi yeni Galaxy S21 modellərinin ekranlarının yuxarı mərkəz hissələrində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib və o, ultrasəs üsulu vasitəsilə çalışır.
        Əsas texniki özəlliklərə gəldikdə isə Galaxy S21 modeli Exynos 2100 / Snapdragon 888 prosessoru, 8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 12 MP (f/1.8 diafraqma, Dual Pixel, OIS) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq təsviri) + 64 MP (f/2.2 diafraqma, OIS) üçlü arxa kamera, 10 MP-lik (f/2.2 diafraqma, Dual Pixel) ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Galaxy S21+ modeli 128/256 GB daxili yaddaş və 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Digər özəlliklər üzrə hər iki smartfon eynidir. Galaxy S21 smartfonları 8K keyfyyətli videoların çəkilişi zamanı yüksək detallı fotoların çəkilişi imkanını da yaradırlar.
        Eyni zamanda həm arxa həm də ön kamera ilə çəkilişin aparılması sayəsində istifadəçi gördüyü hansısa səhnə nəticəsində yaşadığı emosiyalarını çəkə bilər. Kameraların həm adi çəkiliş zamanı həm də zoom istifadəsi ilə çəkiliş zamanı işə saldıqları stabilizasiya özəllikləri də yaxşılaşdırılıb. Bundan əlavə olaraq çəkiliş zamanı 30 qat və daha yüksək göstəricidə yaxınlaşdırma zamanı Zoom Lock funksiyası işə düşür. Nəticədə istifadəçi bu halda smartfonu 2 saniyə tərpətmədən saxlamaqla həmin funksiya təsviri bloklayır və daha detallı fotonun əldə olunmasına imkan verir. Portret rejimi də təkmilləşdirilməyə məruz qalıb. Belə ki, bu rejimdə çəkilmiş fotonun arxa fonunda olan bulanıq effekt daha təbii görünür.
        İstifadəçi həmçinin Single Take funksiyasından istifadə edə bilər. Bu halda o sadəcə olaraq düyməyə klik edərək bütün çəkiliş prosesini süni zəka sisteminin öhdəliyinə buraxacaq. Nəticədə yüksək keyfiyyətli foto və videonun əldə olunmasına zəmanət verilir. Bununla yanaşı həm Galaxy S21 həm də S21+ modeli 25 vatt gücündə sürətli naqilli şarj texnologiyasını və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Bununla yanaşı smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunurlar. Hər iki model One UI 3.1 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Bu modellərin qiymətləri aşağıdakı kimidir:
    128 GB daxili yaddaşa sahib Galaxy S21 - 799$
    256 GB daxili yaddaşa sahib Galaxy S21 - 849$
    128 GB daxili yaddaşa sahib Galaxy S21+ - 999$
    256 GB daxili yaddaşa sahib Galaxy S21+ - 1049$.
        İndi isə gələk Galaxy S21 Ultra smartfonuna. Bu model Galaxy S21 seriyasının ən flaqman modelidir. Bu model smartfondan ən aparıcı texnologiyaları və geniş imkanları əldə etmək istəyən insanlar üçün yaradılıb. Bununla yanaşı sözügedən smartfon Galaxy S tarixində S Pen stilusunun dəstəyini əldə etmiş ilk smartfondur. Galaxy S21 Ultra modeli yeni smartfon seriyasının ən flaqman modeli olmaqla yanaşı həmçinin ölçü baxımından da ən böyüyüdür. O, WQHD+ keyfiyyətli 6.8 düym Dynamic AMOLED 2X ekrana sahibdir. Digər Galaxy S21 modelləri kimi Ultra modelinin ekranı da 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyir.
        S21 Ultra-nın ekranı Wacom şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Buna görə də onda S Pen stilusunun dəstəyini reallaşdırmaq mümkün olub. İstifadəçilər S Pen stilusu vasitəsilə smartfonu uzaqdan idarə edə, əl yazısı vasitəsilə qeydlər apara və əvvəllər yalnız Galaxy Note seriyasının istifadəçiləri üçün təqdim olunan bir çox digər əmliyyatları yerinə yetirə bilərlər. Qeyd etmək lazımdır ki, S21 Ultra modelində S Pen stilusu üçün xüsusi giriş reallaşdırılmayıb. Buna görə də Samsung bunun üçün nəzərdə tutulmuş xüsusi keyslər hazırlayıb və həmin keyslərdə S Pen stilusu üçün girişlər mövcuddur.
        Əsas texniki özəlliklərə gəldikdə isə Galaxy S21 Ultra modeli Exynos 2100 / Snapdragon 888 prosessoru, 16 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 108 MP (f/1.8 diafraqma, faza avtofokusu, OIS) + 12 MP (f/2.2 diafraqma, 120 dərəcə bucaq təsviri) + 10 MP (f/2.4 diafraqma, 3 qat optik zoom, Dual Pixel, OIS) + 10 MP (f/4.9 diafraqma, 10 qat optik zoom, Dual Pixel, OIS) dördlü arxa kamera, 40 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Qeyd etmək lazımdır ki, Galaxy S21 Ultra modeli Samsung-un istənilən kamera ilə saniyədə 60 kadr sürətlə 4K videolar çəkə bilən ilk smartfonudur. Bununla yanaşı Galaxy S21 Ultra modeli 25 vatt gücündə sürətli naqilli şarj texnologiyasını, 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını və 15 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyir. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Galaxy S21 Ultra modeli də One UI 3.1 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Bütün Galaxy S21 modelləri 29 yanvar tarixində satışa çıxacaqlar. Smartfonun qiymətləri aşağıdakı kimidir:
    128 GB daxili yaddaşa sahib Galaxy S21 Ultra - 1199$
    256 GB daxili yaddaşa sahib Galaxy S21 Ultra - 1249$
    512 GB daxili yaddaşa sahib Galaxy S21 Ultra - 1379$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər